Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar.
1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir.
SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər.
5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.