Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru (1931), Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi (1930–1931).
== Həyatı ==
Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildən Şuşa real məktəbində oxumuş və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak etmişdir. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olmuş, Qarabağda bolşevik ədəbiyyatı yayaraq müsavatçılara qarşı mübarizə aparmışdır.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınmışdır. Qısa müddət sonra o, həbsdən azad edilmiş və Qarabağ Fövqəladə Komissiyasının təyin edilmişdir. 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olmuşdur. 1930-cu ildə Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru təyin edilmiş, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmağa başlamışdır.
Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olmuşdur.
18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarmasına görə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalmış və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilmişdir.