Həsən Kardanov
Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, rus. Хасан Якубович Карданов; 23 fevral 1923, Çeqem, Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 20 yanvar 2019, Nalçik) — Kabarda əsilli SSRİ və Rusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı.
== Bioqrafiya ==
Həsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir. 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır.
1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur.