Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır.
9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi.
Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.