Kitabxanaşünaslıq
«Kitabxanaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Münhen kitabxanasının kitabxanaçısı Martin Villibald Şrettinger (1772-1851) gətirmişdir. Məhz bu səbəbdən onu «kitabxanaşünaslığın atası» adlandırırlar. O, «kitabxanaşünaslıq» anlayışını özünün ikicildlik «Kitabxanaşünaslıq üzrə bitkin dərslik və yaxud kitabxanaçının mükəmməl iş aparmasına dair rəhbərlik» adlı əsərində işlətmiş, «kitabxanaşünaslığ»ı ayrıca bir elm sahəsi kimi qiymətləndirmişdir.
Kitabxanaşünaslıq - cəmiyyətdə kitabxanaçılıq prosesinin inkişaf qanunauyğunluqlarını, xassələrini, xarakterini, strukturunu və çap əsərlərindən ictimai istifadənin təşkili problemlərini tədqiq edib öyrənən humanitar elmdir.
Kitabxanaşünaslıq elminin strukturuna 2 müxtəlif mövqedən yanaşmaq olar: 1) Elmşünaslığa görə; 2) Elmi fənn kimi.
Kitabxanaşünaslıq elminin obyekti kitabxanalar, ümumilikdə isə kitabxana işidir. Hər bir elmdə olduğu kimi, kitabxanaşünaslıqda da elmin mahiyyətini onun predmeti təşkil edir. Kitabxanaşünaslığın predmeti, onun obyekti olan kitabxana işinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyənləşdirir və müvafiq anlayışlar vasitəsi ilə şərh edilir.
Kitabxanaşünaslıq elminin obyektini təşkil edən kitabxana işi 3 əsas elementdən ibarət kommunikativ sistemdir: 1) Əməyin predmeti – nəşr formasında olan informasiya (sənəd); 2) Əməyin subyekti – oxucu (istifadəçi); 3) Əməyin vasitəçisi – kitabxanaçı. Bu üçlük kitabxanaşünaslığın obyektinin mahiyyətini düzgün başa düşməkdə əsaslı əhəmiyyətə malikdir.