Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur.
== Mənşəyi ==
"Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi.
İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi.
== Ədəbiyyatda ==
Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.