Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad.
== Tarixi və əsasnaməsi ==
"Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.
Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi.
26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.