Hindistan lagerströmiyası
Hindistan lagerströmiyası (lat. Lagerstroemia indica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin lagerströmiya cinsinə aid bitki növü.
Bitkinin vətəni Çindir. Yaponiyada və Koreyada da yayılmışdır.
Hündürlüyü 7 m-ə çatan, dağınıq yumurtavari çətirə, çəhrayı rəngli, hamar qabıqlı gövdəyə və budaqlara malik ağac və ya koldur. Yarpaqları ellipsvari, hamar, dərivari, parlaq və əlvan-yaşıl, uzunluğu 4-8 sm, payızda sarımtıl-qırmızı rəng alır. Çiçəkləri iridir, əlvan-çəhrayı, tünd mavi, bəzən ağ rəngdə olub, iri süpürgə çiçək qrupunda toplanmışdır. İyunun sonundan oktyabrın əvvəllərinə qədər kütləvi çiçəkləyir. Bu zaman olduqca dekorativ görünür. Meyvəsi 6 toxumlu yumru qutucuqdur.