Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar.
== Faktlar ==
Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu.
19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər.
Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.