Azərbaycanda ləhcə
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur.
== Məskunlaşma və say ==
Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır.
=== İranda ===
Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil.
Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir.
Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi.
Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi.
Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.