Ləzgilər
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlarından biri.
Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər. Ləzgi dilində danışırlar.
== Mədəniyyət ==
Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır.
=== Ləzgival ===
Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır.