Memento (film, 2000)
Memento — Kristofer Nolanın rejissorluğu ilə 2000-ci ildə çəkilmiş neo-noir, psixoloji triller filmi. Kristofer bu filmi öz qardaşı Conatan Nolanın yazdığı "Memento mori" adlı qısa hekayəsi əsasında çəkmişdir. IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur. Həmçinin, BBC-nin nəşr etdiyi, dünyada 117 film tənqidçisinin də yer aldığı "21-ci əsrin ən yaxşı filmləri" siyahısında 25-ci sırada yer alıb.
Film ilk dəfə 2000-ci ildə Venesiya Film Festivalında nümayiş olunaraq film tənqidçilərin marağına səbəb olur. "Memento" IMDb-ə görə tarixdəki 250 ən yaxşı film arasındadır.
Filmin baş qəhrəmanı, sığorta şirkətində araşdırma aparan Leonard Shelby (Qay Pirs) həyat yoldaşına təcavüz edərək onu öldürən qatili axtarır. Əsas çətinlik Leonardın başından ağır xəsarət alması və anteroqrad amneziyası nəticəsində yaddaşında 15 dəqiqədən çox bir şey saxlaya bilməməsidir. O, daim özü üçün qeydlər, fotoşəkillər qoymalı və hətta insanları, məkanları yaddaşında saxlaya bilmədiyi hadisələri xatırlatmaq üçün döymələr etməlidir. İstintaqda ona Teddy (Joe Pantoliano) ləqəbli bir kişi və qız – Natali (Carrie-Anne Moss) kömək edir, lakin o, heç birinə etibar edə bilmir.