Huver moratoriumu
1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi.
İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı.
1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.