MƏKKƏ
Ərəbistan yarımadasının Hicaz bölgəsində yerləşən qədim bir şəhərdir. Burada müsəlmanların ən müqəddəs məscidi olan Məscidül-Haram və Kəbə evi yerləşir (Quran 3: 96). Rəvayətlərə görə Məkkə şəhərinin tarixi cənnətdən yer üzünə qovulmuş və bu yerlərdə yaşamış ilk insan Adəmdən başlayır. O, Kəbənin yerində ev tikmişdir. Ancaq Nuhun dövründə baş vermiş tufan onu dağıtmışdır.
Yenə rəvayətlərə görə bu yerlərin sonrakı tarixi İbrahim peyğəmbərlə bağlıdır. O, həyat yoldaşı Həcəri və oğlu İsmaili bu yerlərə gətirmişdir. Ana və oğul orada susuz qalmış, sonra isə möcüzə baş vermiş, qızmar çöldə Zəmzəm bulağı qaynamağa başlamışdır.
Zəmzəmin möcüzəvi qaynamasından sonra bu yerlər yaşayış üçün yararlı olmuşdur. Bir qədər sonra isə o yerlərə Yəməndən Curhum qəbiləsi köçmüşdür. Bundan sonra müasir Məkkənin yerləşdiyi yerlərdə həyat canlanmışdır.
Həcərin ölümündən sonra yetkinlik yaşına çatmış İsmail curhumlu bir qızla evlənmişdir. Ancaq, sonra bu qadınla boşanaraq, Curhum qəbiləsinin başçısının qızı ilə evlənmişdir. Bu evlilikdən onun 12 oğlu olmuşdur.
Onlar ərəblərin əcdadları hesab edilirlər. Sonra Ərəblər bütün Ərəbistana yayılmışdırlar. Məkkədə isə İsmailin Kidar adlı oğlunun nəsli qalmışdır. Qüreyş qəbiləsi də onlardan gəlir.
Rəvayətlərə görə İbrahim peyğəmbər teztez Həcər ilə oğlu İsmailin yanına Məkkəyə gəlirdi. Gəlişlərinin birində o, İsmaillə birlikdə Kəbə evini inşa etmişdir. İsmailin soyu bu torpaqlarda uzun müddət yaşamış, sonra isə o yerlərə Yəməndən Hüzəə qəbiləsi gəlmişdir. Curhumlular onların orada yerləşməsinə icazə verməmişdirlər. Hicrətdən öncə 415-ci ildə (miladi 207-ci ildə) bu qəbilələrin arasında baş vermiş döyüşdə hüzəəlilər qalib gəlmiş, Məkkəni ələ keçirmişdirlər.
Hüzəəlilər 300 il boyu şəhərə başçılıq etmişdir. Rəvayətlərə görə onların dövründə İbrahim və İsmaildən gələn adətlər unudulmuş, Məkkədə bütpərəstlik geniş yayılmışdır. Hüzəəlilər çoxlu tanrılara tapınırdılar. Onların baş tanrısı Hubəl o zaman Məkkənin baş tanrısı sayılmış, onun bütü Kəbədə yerləşdirilmişdir.
Hicrətdən 182 il öncə (miladi 440-cı ildə) Qüreyş qəbiləsinin başçısı Qüsay hüzəəliləri məğlub edə bilmişdir. Bu uğurdan sonra qüreşlilər şəhərdə nüfuz qazanmışdırlar.
Qüsay Məkkədə bərpa işlərini aparmış, şəhərin özünü idarəetmə sistemini yaratmışdır.
O zaman həcc, eləcə də başqa dini ayinlərin yerinə yetirilməsi ilə bağlı problemlər həll edilmişdir. Qüsaydan sonra Məkkənin hər hansı bir başçısı olmamışdır.
Şəhərin idarə edilməsində bütün nüfuzlu ailələrin nümayəndələri iştirak edirdilər. İslamın ilk dövrlərində şəhəri Darun-Nədva adlanan bir qurum idarə edirdi. Onun işinə 40 yaşına çatmış bütün azad kişilər qatıla bilərdilər.
Qüreyşlilər də Hüzəəlilər kimi bütlərə tapınırdılar. O zaman hər il Məkkəyə həccə zəvvarlar gəlirdilər. Kəbədə isə ərəblərin bütləri yerləşdirilmişdir. Qədim məkkəlilərin hər hansı bir hüquq sistemi olmamışdır.
Bütün mübahisəli məsələlər müxtəlif qəbilələrin başçılarının hökmləri ilə çözülürdü.
Əgər bu yolla məsələ həll edilmirdisə, onda ən nüfuzlu və tanınmış şəhər sakinlərinə müraciət edilirdi. Çıxarılmış hökmlərin icrası mexanizmi də olmamışdır. Çox vaxt sakinlər çıxarılmış hökmlərin tətbiq edilməsi üçün gücə əl atırdılar. Bununla yanaşı, problemlərin çoxunun həll edilməsində falçılara və kahinlərə müraciət edilirdi.
İsti və quru iqlim, eləcə də təbii sərvətlərin yoxluğu məkkəliləri ticarətlə məşğul olmağa vadar edirdi. Məkkəyə xüsusən həcc vaxtı çoxlu zəvvarların gəlməsi ticarət üçün əlverişli şərait yaradırdı. Rəvayətlərə görə bir kərə Məkkəni Həbəşistan kralı Əbrəhə işğal etmək istəmiş, ancaq bir möcüzə nəticəsində onun ordusu məhv olmuşdur.
Məkkənin tarixində ən önəmli hadisə bu şəhərdə İslamın yaranması və Məhəmməd peyğəmbərin fəaliyyəti olmuşdur.
Bundan sonra şəhərin ictimai-siyasi durumu dəyişmişdir. O zamanlar əsrlər boyu öz adətləri ilə yaşayan ərəblərin öyrəncəli həyat tərzi dərin böhranda idi. Buna görə də, müsəlmanlarla öyrəncəli həyat tərzinin saxlanılmasını istəyən mühafizəkar məkkəlilər arasında qarşıdurmalar baş vermişdir.
Məhəmməd peyğəmbər və onun ilk davamçıları ağır təqiblərə uğramışdırlar. Bu təqiblərdən qurtarmaq üçün onların bir qismi Həbəşistana hicrət edərək orada sığınacaq tapmışdırlar. Bundan 13 ilə yaxın müddət keçdikdən sonra müsəlmanların çoxu Məkkədən Mədinəyə hicrət etmiş, orada yerli əhali ilə birlikdə ilk müsəlman cəmiyyətini yaratmışdırlar. Bundan sonra məkkəli bütpərəstlərlə mədinəli müsəlmanlar arasında müharibə baş vermişdir. Müsəlmanlar bu savaşda qalib gəlib hicrətin 8-ci ilində Məkkəni ala bilmişdirlər. Məhəmməd peyğəmbər Kəbə evinə girərək oradakı bütün bütləri dağıtmışdır.
Məkkə islamlaşdıqdan sonra onun siyasi əhəmiyyəti kiçilmişdir. Məhəmməd peyğəmbərin ölümü, müsəlman torpaqlarının genişlənməsindən sonra Məkkə Xilafətin başqa mərkəzlərindən uzaqda yerləşdiyinə görə vilayət şəhərinə çevrilmişdir. Ancaq bununla belə şəhərin dini önəmi artmışdır.
Kəbə evinin yerləşdiyi bu şəhər təkcə ərəblərin deyil, bütün dünya müsəlmanlarının dini mərkəzinə çevrilmişdir. Müsəlmanlar ibadətlərin çoxunu üzlərini qiblə olan Kəbəyə çevirərək yerinə yetirirlər.
Raşidi və ilk Əməvi xəlifələrinin dövründə Kəbə və onun ətrafında yenidənqurma işləri aparılmışdır. Ancaq ən iri miqyaslı dəyişikliklər Əməvi xəlifəsi Əl-Validin vaxtında edilmişdir. O zaman Kəbənin çevrəsində məscid kompleksi tikilmişdir.
Tikintinin gedişi zamanı Məkkəyə Xilafətin müxtəlif bölgələrindən ən yaxşı memarlar və bənnalar gətirilmişdir.
Əməvilər dövründə Məkkə Hicazın valilərinə tabe etdirilmişdir. O dövrdə orada müxtəlif hadisələr, silahlı qarşıdurmalar baş verirdi. 64/684-cü ildə Məkkəni xəlifə Yəzid ibn Müaviyənin xəlifəliyinin tanımayan Abdullah ibn Zübeyr öz paytaxtına çevirmişdir.
O, Əməvi ordusuna müqavimət göstərə bilmişdir. Döyüşlərin getdiyi vaxt xəlifə Yəzidin öldüyü xəbəri gəlmişdi. Buna görə Əməvi ordusu geri çəkilmişdir. Bundan sonra Abdullah ibn Zübeyr öz hakimiyyətini Xilafətin böyük bir hissəsinə yaya bilmişdir.
Buna görə o, xəlifə kimi tanınmış, 10 ildən çox Məkkədən ona beyət etmiş bölgələri idarə etmişdir.
Ancaq Dəməşqdə Əbdül-Məlik ibn Mərvan hakimiyyətə gəldikdən sonra Əməvilər yenə güclənmişdirlər. 73/692-ci ildə Həccacın başçılığı altında Əməvi ordusu Məkkəyə doğru irəliləyərək şəhəri ala bilmişdir. Abdullah ibn Zübeyr bu döyüşdə həlak olmuşdur. 129/747-ci ildə isə Məkkəni Yəməndən gəlmiş xaricilər ələ keçirmişdirlər. Ancaq həmin ildə Əməviləri devirmiş Abbasilərin qoşunu şəhəri azad edə bilmişdirlər. Bundan sonra 132/750-ci ildən 349/961-ci ilə qədər Məkkəni Abbasi xəlifələrinin təyin etdiyi başçılar idarə etmişdirlər. 303/916-cı ildən başlayaraq Ərəbistan yarımadasında Məkkəyə gedən bütün yolları qərmətilər kəsmişdirlər. Onlar bura zəvvarları buraxmırdılar. 317/930-cu ildə qərmətilər Мəkkəni ələ keçirərək Kəbədəki HəcərülƏsvəd daşını şəhərdən çıxarıb özləri ilə aparmışdılar. Bir müddət keçdikdən sonra onlar daşı parçalanmış halda geri qaytarmışdırlar. 357/968-ci ildə Məkkə Fatimi xəlifələrinin nəzarəti altına keçmişdir. O zamandan başlayaraq şəhər Həsən ibn Əlinin soyundan olan “şəriflər” idarə edirdilər. Şəriflər müstəqilliyə can atdığı üçün onların Fatimilərlə qarşıdurmaları olmuşdur. 922/1517-ci ildə Hicazı türk sultanı I Səlim Yavuz ələ keçirib Osmanlı imperiyasının tərkibinə qatmışdır. Türk sultanları Məkkə şəriflərinin nüfuzunu saxlamış, onları özlərinə tabe etdirmişdirlər. Osmanlıların dövründə şəhərdə və Məscidül- Haramda tikinti və təmir işləri aparılmışdır. 1218/1803-cü ildə Məkkəni vəhhabilər ələ keçirmişdirlər. Ərəbistanda hakimiyyətini bərpa üçün türk sultanı II Mahmud Misir valisi Məhəmməd Əliyə müraciət etmişdir. O da 1228/1813-cü ildə Məkkəni geri qaytara bilmişdir.
Birinci dünya müharibəsi zamanı ingilislərdən dəstək alan Məkkə şərifi Hüseyn Osmanlı sultanına tabe olmaqdan imtina etmişdir. 1344/1926-cı ildə Əl-Səud sülaləsinin məliki Əbdül-Əziz Məkkəni ələ keçirmişdir. Səudiyyəlilər Məkkədə təmirtikinti işləri aparmış, burada yeni binaları ucaltmış, qonaq evlərini tikmiş, yollar salmış, müasir infrastrukturu qurmuşdurlar.
Məscidül-Haramda, eləcə də başqa dini obyektlərdə də yenidənqurma işləri aparılmışdır.