Ümumi qərargah (AXC)
Ümumi qərargah — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrinin təşkilinə, komplektləşdirilməsinə, həmçinin təchizatı, təlim-tərbiyəsi, döyüş hazırlığı və döyüş vəzifələrinin icrasına rəhbərlik edən hərbi orqan.
Əsası Səməd bəy Mehmandarovun 1918 il 15 noyabr tarixli əmri ilə qoyulmuşdu. O vaxta qədər Əlahiddə Azərbaycan 424 korpusunun qərargah rəisi olan polkovnik Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edilmişdi. Qərargah ləvazimat, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Səməd bəy Mehmandarovun göstərilen əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı növbətçi general, polkovnik Seyfulla Mirzə Qacar ləvazimat, general-mayor Murad Gəray Tlexas topçu şöbələrinin, general-mayor İbrahim ağa Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işi müfəttişi vəzifələrinə təyin olunmuşdular.
Tomson missiyasının fəaliyyətə başlaması ilə 1918-ci il noyabrın 22-də Hərbi Nazirliklə bərabər, Ümumi qərargah da Gəncəyə köçdü və fəaliyyətini burada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirə tabe etdirildi. İstehkam şöbəsinin də strukturu və səlahiyyətləri genişləndirilərək, İstehkam idarəsinə çevrildi və o da Ümumi qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi.
1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi.