Musa Mərcanlı
Musa Mərcanlı (21 mart 1964, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — tarixçi, jurnalist, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995), Jurnalistlər Birliyinin üzvü (1987), Mətbuat Şurasının ilk təsisçilərindəndir (2003).
1964-cü il martın 21-də Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Müxtəlif illərdə "Xudafərin", "Azərbaycan gəncləri", "Mübarizə" qəzetlərində çalışmış, "Assa- İradə" İnformasiya agentliyində parlament müxbiri kimi fəaliyyət gostərmişdir. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının əməkdaşı olmaqla yanaşı, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.
Müxtəlif qəzet və jurnallarda dərc olunan onlarla elmi-publisistik yazıların, 9 kitabın və bir filmin ssenari müəllifidir. 2011-ci ildə Moskvada nəşr olunan "Ermənilik. Rusiya. Qafqaz" kitabı 5 dilə tərcümə edilərək, dünya ictimaiyyətinə erməniliyin əsl üzünü açıb göstərmişdir. "Geosiyasi mövqedən Qarabağ problemi: analitik nəzər nöqtəsi" adlı kitabı 2009-cu ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.