Yusif Nəğməkar
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu; 15 iyun 1955, Birinci Aşıqlı, Jdanov rayonu) — şair, yazıçı, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) almışdır. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıtmışdır. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası almışdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir. Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləmişdir. (1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış etmişdir.