Nikulitsın
Nikulitsın — 1374-cü ildə Novqorod uşkuynikləri (qaravulçu, əslində soyğunçu gəmiləri) 1000-dən artıq döyüşçü ilə Vyatka çayına enib, oradan Kamaya, Kamadan da Volqa çayına keçib aşağılara üz tuturlar. Qızıl Orda xanlarının zəngin iqamətgahlarını hədəf seçən bu talançılar, (onların çoxavarlı quldur gəmiləri uşkuynik adlanırdı) çay üstündəki abad tatar şəhərlərini yağmaya keçdilər. Çuvaş və mari yaşayış məntəqələrini talayıb bütün Vyatka boyunu ələ keçirdilər. Özlərinə yeni torpaq, hazır məskən arayan və böyük gücə malik ruslar bu şəhərlərdə məskunlaşırdılar. Ruslar həmin ildəcə (1374) Vytaka çayı sahilindəki qədim Balvan şəhərini zəbt etmiş, əvvəl Bolvanskiy Qorodok desələr də, sonra onu Nikulitsın adlandırdılar. Türk dillərində balban (bolvan) pəhləvan "igid, güclü şəxs" mənalarını bildirmiş, nəhayət müasir türk dillərində, o cümlədən qazax, özbək dillərində palvan, balvan, "güləşçi, pəhləvan" mənalarını ifadə etməkdədir. N. Baskakov "İqor alayı haqqında dastan" ın türk leksikası" əsərində işlənən türk sözləri içərisində mifik obraz adı olaraq bolvan (Tmu Tarkan bolvanı) kəliməsini də göstərir. Bu sözü türk xalqlarının dilində işlənən balvan, palvam, polvon "güclü adam, pəhləvan" sözü ilə bağlayır. Türk dillərində böyük ov şahini balaban adlanır. Müasir türk dillərindən isə yalnız Kırım tatarlarında və türkcə balaban "böyük" mənasında saxlanılmaqdadır.