Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü.
Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir.
Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib.
Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur.
Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir.
Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.