Nobel Oil Group
Nobel Energy (hüquqi adı Nobel Energy Management MMC, bundan əvvəl Nobel Oil Services Ltd), fəaliyyətini enerji sənayesi üzərində quran, kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi və qazma xidmətlərini göstərən çoxşaxəli şirkətlər qrupudur. Nobel Energy, müxtəlif sənayelər və çoğrafiyalarda fəaliyyət göstərən NEQSOL Holdingin bir hissəsidir. NEQSOL Holding-in fəaliyyət sahələri Böyük Britaniya, ABŞ, Cənubi Amerika, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-dəki enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayelərini əhatə edir.
Nobel Energy Azərbaycan əsilli iş adamı Nəsib Həsənov tərəfindən Xəzər regionunda neft-qaz sənayesinə xidmətlər təklif edən texniki xidmət təchizatçısı qismində 2005-ci ildə yaradılmışdır. Buraya quyuların əsaslı təmiri, qazma, tikinti-quraşdırma, mühəndislik-layihələndirmə və texniki xidmət, təmir və əməliyyat xidmətləri daxil idi.
2007-ci ildə Kompleks qazma və quyu idarəetmə xidmətlərini göstərmək məqsədi ilə Nobel Energy şirkətinin törəmə müəssisəsi olan Abşeron Qazma (AQŞ), SOCAR şirkəti ilə birgə “SOCAR-AQŞ” müştərək müəssisəsini yaratdı.
2012-ci ildə Nobel Energy şirkəti, Global Energy Solutions (Glensol) və Prokon şirkətlərini yaratdı. Glensol şirkətinin əsas fəaliyyət sahələri Azərbaycanda və regionda mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsini əhatə edir. Prokon şirkəti isə layihənin adaptasiya mərhələsindən tutmuş satınalma və tikintiyə qədər kompleks infrastruktur, sənaye zavod və qurğularının tikinti proseslərinin idarə edilməsi üzrə ixtisaslaşmışdır.
2014-cü ildə Nobel Energy şirkəti Azərbaycanda yerləşən şirkətlərini baş qərargahı Böyük Britaniyada yerləşən ana şirkət altında yerləşdirmək və özünün biznes proseslərini nizama salmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə öz korporativ strukturunu yenidən təşkil etdi.