Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC, Sony, Dell, Intel, Motorola, Qualcomm, Texas Instruments, Google, Samsung Electronics, LG Electronics, T-Mobile, Sprint Corporation, Nvidia və digər şirkətlər var.
OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP, Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır.
Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib.
== Məhsullar ==
2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi — Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 noyabr 2007-ci ildə təqdim edildi.
Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream (digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 avqust 2008-ci ildə Federal əlaqə komissiyası (FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.