Luzuriaga polyphylla
Luzuriaga polyphylla (lat. Luzuriaga polyphylla) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinin luzuriaga cinsinə aid bitki növü.
Luzuriaga polyphylla incə kökləri ilə ağacların gövdələrinə yapışan həmişəyaşıl, dırmaşan bitkidir. Ardıcıl düzülüşlü açıq-yaşıl yarpaqlarının uzunluğu 0,8–2,5 sm, eni isə 0,4–1 sm-dir. Hermafrodit çiçəkləri 1 sm uzunluğundadır və tək halda və ya ikidən dördə qədər çiçək qruplarında yerləşir. Onların altı qeyri-bərabər ölçülü ağ ləçəkləri, altı erkəkciyi və erkəkciklərdən daha uzun olan üç ağızcıqlı bir dişiciyi var. Bitkinin meyvələri kürəşəkilli, hamar, qırmızı-narıncı rəngli giləmeyvələrdir və onların diametrləri 0,6–0,8 sm arasında dəyişir.
Bitki Çilinin Maule əyalətindən Aysen əyalətinə qədər kölgəli və rütubətli ərazilərdə böyüyür.
Növ dekorativ bitki kimi böyük potensiala malikdir. Bitkinin gövdəsindən sənətkarlıq və məişət əşyaları hazırlamaq üçün istifadə olunur.