Elşad Əhmədov (dosent)
Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent.
== Həyatı ==
Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür.
== Elmi fəaliyyəti ==
Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir.