Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir.
İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.