Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010).
Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür.
Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır.
S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır.
Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.