Qalağayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi.
Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi.
Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur.
Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.