Qalxanvari itburnu
Qalxanvari itburnu (lat. Rosa corymbifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır.
Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir.
Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir.
Kiçik və Böyük Qafqaz (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Balverici, dekorativ bitkidir.