Avstriya-Macarıstan quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi.
== Tarixi ==
24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.