Simeon Borisov Sakskoburqqotski
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha; 16 iyun 1937, Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır.
O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir.
Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.