Salahlı rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir.
1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.
Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.