Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Salahlı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Xalça | |
Salahlı xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Qazax xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi[1] |
Xalçanın adı Qazaxdan şimalda yerləşən Daş Salahlı, Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərinin adından götürülmüşdür. Kür çayının yaxınlığında yerləşən bu kəndlər qədim dövrlərdən xalçaların, xovsuz zili və kilimlərin, həmçinin məişət əşyalarından çulların, məfrəşlərin istehsal mərkəzləri olmuşdur. Yerli əhali bu xalçanı "Daş — Salahlı" kimi tanıyır, bəzi xalçaçılar isə onu Qarabağ qrupuna aid edərək, Bərdə şəhərindən 14 km məsafədə yerləşmiş qəsəbənin adı ilə "Mehdixanlı" adlandırırlar.
"Salahlı" xalçaları əsasən iki variantda hazırlanır.
Birinci variant
Birinci variant "namazlıq" (100x150sm) xalçaları ilə təmsil olunur. Ara sahənin kompozisiyası iri dördbucaqlı fiqurla formalaşır. Bu fiqur kvadrat çıxıntı şəklində yerinə yetirilmiş məhrabla bitir. Fiqurun daxili sahəsi fondan fərqli olaraq qırmızı rənglə toxunaraq həndəsi dördbucaqlılarla və səkkizbucaqlılarla doldurulmuşdur.
Bu variantda olan xalçanın köbə zolaqları daha çox Qazax xalçalarında olsa da, məhz "Salahlı" xalçaları üçün xarakterikdir.
İkinci variant
İkinci variantlı xalçalar "Qotazlı" adını almışdır. Şaquli oxun mərkəzində toxunmuş rombun daxili sahəsi naxışlıdır. Mərkəzi sahənin yuxarı və aşağı hissələrində şaquli ox üzərində kiçik ölçülü daha dörd element cüt-cüt yerləşir.
"Salahlı" xalçaları 2–6 kvadrat metr ölçüdə olurlar. Böyük ölçülü xalçalara nadir hallarda rast gəlmək olar.
İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 25x25 ilmədən 35x35 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 120 min ilməyə qədər).
Xovun hündürlüyü 7–11 mm-dir.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |