Nadejda Sementsova
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi.
Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi.
2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.