Azərbaycan sufizmi
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir.
== Tarixi-mədəni mühit ==
VIII əsrdə müasir İraq ərazisində başlayan hərəkat Qafqaz və Azərbaycan daxil olmaqla bütün İslam dünyasına yayılmışdır. Sufizmin Azərbaycanda yayılması IX–X əsrlərdə başlamışdır. Azərbaycanda sufizmi ilk təbliğ edənlər Əbu Hüseyn Dündəri-Şirazi (X əsr), Hüseyn ibn Yəzdinyar (X əsr), Əbu Həsən, Əbu Zura (1024-cü ildə vəfat edib), Əbu Abbas (XI əsr), Əbu Səid Əbdül-Bakuvi (X–XI əsrlər), qardaş olan Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi (vəfatı 1050–1051) və Hüseyn Şirvani (vəfatı 1074), Əbu Abbas Əhməd və başqaları idi. Bu dövrdə Azərbaycanda sührəvərdiyyə, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik kimi sufi təriqətləri ortaya çıxmış və İslam dünyasına yayılmışdır.
Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir. Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur.