Məhəmməd Məmmədov (taekvondoçu)
Məhəmməd Məmmədov (d. 27 iyun 1997) — Azərbaycanı təmsil edən taekvondoçu. Məhəmməd Məmmədov, Azərbaycan bayrağı altında 2015-ci ildə I Avropa Oyunlarında 5-ci yeri tutub, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Məhəmməd Məmmədov 1997-ci il 27 iyunda anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 214 nömrəli tam orta məktəbdə alan Məhəmməd Məmmədovun şəxsi məşqçisi Səbuhi Zülfüqarovdur.
Məhəmməd Məmmədov birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Həmin il o, Portuqaliyanın Portu şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2014-cü ildə isə o, Taybey şəhərində baş tutan gənclər arasında Dünya Çempionatına qatıldı və yarışın qalibi oldu. 2015-ci ildə isə Məhəmməd Məmmədov Bakı şəhərində baş tutan I Avropa Oyunlarında qüvvəsini sınadı.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov birinci görüşdə, 1/8 final mərhələsində Yeniyetmələrin II Olimpiya Oyunlarının çempionu, İsrail idmançısı Qili Haymovitz ilə üz-üzə gəldi.