Əli Tudə
Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).
== Həyatı ==
Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyimdir. XX əsrin ilk illərinə təsadüf edən növbəti şahsevənlərin basqınlarının birində Əli Tudənin ailəsi Şimali Azərbaycana gəlir. Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib.