Turmalin
Turmalin qrupu — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Ümumi formulu XY3Z6 [(O,OH,F)4 | (BO3)3| Si6O18] olan borosilikatlarla təmsil edilmişdir: burada X = Na, Ca, K; Y=Al, Fe2+, Fe3+, Li, Mg, Mn2+; Z=Al, Cr3+, Fe3+, V3+.İzomorf əvəzlənmələrin geniş təzahürü ilə səciyyələnən qrupun kənar üzvləri bunlardır:
Dravit – Na Mg3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]
Şerl – Na Fe3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]
Elbait – Na (Li, Al)3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]
Axroit – rəngsiz, indiqolit – göy, rubellit – çəhrayı, siberit – moruğu, verdelit – yaşıl turmalinlərdir.
Rəng – kimyəvi tərkibindən asılı olaraq çox müxtəlifdir. Dəmirsiz, yaxud dəmirlə kasıb olan turmalinlər, adətən, açıq çəhrayı, qırmızı, sarı və yaşıl, maqneziumlu - dəmirlilər – tünd rəngli: qara, tünd-yaşıl, tünd-qonuru, tünd-göy olur; dravit–qəhvəyi, şerl – qara, elbait – rəngsiz, çəhrayı, qırmızı və ya yaşıl rəngdə olur; ayrı-ayrı hissələri mineral fərdlərinin həm uzunu və həm də eni istiqamətində müxtəlif rənglərlə səciyyələnən polixrom kristallara da rast gəlinir. Müxtəlif rəngə boyanmış zonal kristallar da qeyd edilir; Mineralın cizgisinin rəngi – ağ, yaxud açıq rəngli; Parıltı – şüşədən ipəyiyədək (lifli növ müxtəlifliklərində); Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,25; S – 7-7,5; Ayrılma – yoxdur; Bölünmə – {1120 }və {1011} üzrə zəif; Sınıqlar – qeyri-hamar, tikanlı, qabıqvari; Başqa xassələr– piro-və pyezoelektrik xassələri səciyyəvidir; Morfologiya – kristallar: uzununa cizgilənmiş, uzunprizmatik, sütunvari, iynəvari; prizma üzləri, adətən, bir qədər yuvarlanmış olur; kristalın en kəsiyi – sferik üçbucaqdır; İkiləşmə: nadir hallarda {1011} üzrə; Mineral aqreqatları: çubuqvari, radial-şüalı («turmalin günəşi»), qarışıq-iynəvarı, lifli əmələgəlmələr, bəzən bütöv dənəvər və gizlikristallik kütlələr.
Turmalinlər qranitlərdə və qranit peqmatitlərində geniş yayılmışdır. Hidrotermal turmalin kvars-turmalin damarlarında, qalay filizi, kolçedan, qurğuşun-sink yataqlarında qeyd edilir. Metasomatik proseslərin məhsulu kimi qreyzenlərdə, skarnlarda və törəmə kvarsitlərdə müşahidə edilir. Metamorfik süxurlarda – fillitlərdə, kristallik şistlərdə və qneyslərdə rast gəlir.