Turmalin

Turmalin qrupu — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Turmalin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Elbait

Ümumi formulu XY3Z6 [(O,OH,F)4 | (BO3)3| Si6O18] olan borosilikatlarla təmsil edilmişdir: burada X = Na, Ca, K; Y=Al, Fe2+, Fe3+, Li, Mg, Mn2+; Z=Al, Cr3+, Fe3+, V3+.İzomorf əvəzlənmələrin geniş təzahürü ilə səciyyələnən qrupun kənar üzvləri bunlardır:

Dravit – Na Mg3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]

Şerl – Na Fe3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]

Elbait – Na (Li, Al)3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18]

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Axroit – rəngsiz, indiqolit – göy, rubellit – çəhrayı, siberit – moruğu, verdelit – yaşıl turmalinlərdir.

Rəng – kimyəvi tərkibindən asılı olaraq çox müxtəlifdir. Dəmirsiz, yaxud dəmirlə kasıb olan turmalinlər, adətən, açıq çəhrayı, qırmızı, sarı və yaşıl, maqneziumlu - dəmirlilər – tünd rəngli: qara, tünd-yaşıl, tünd-qonuru, tünd-göy olur; dravit–qəhvəyi, şerl – qara, elbait – rəngsiz, çəhrayı, qırmızı və ya yaşıl rəngdə olur; ayrı-ayrı hissələri mineral fərdlərinin həm uzunu və həm də eni istiqamətində müxtəlif rənglərlə səciyyələnən polixrom kristallara da rast gəlinir. Müxtəlif rəngə boyanmış zonal kristallar da qeyd edilir; Mineralın cizgisinin rəngi – ağ, yaxud açıq rəngli; Parıltı – şüşədən ipəyiyədək (lifli növ müxtəlifliklərində); Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,25; S – 7-7,5; Ayrılma – yoxdur; Bölünmə – {1120 }və {1011} üzrə zəif; Sınıqlar – qeyri-hamar, tikanlı, qabıqvari; Başqa xassələr– piro-və pyezoelektrik xassələri səciyyəvidir; Morfologiya – kristallar: uzununa cizgilənmiş, uzunprizmatik, sütunvari, iynəvari; prizma üzləri, adətən, bir qədər yuvarlanmış olur; kristalın en kəsiyi – sferik üçbucaqdır; İkiləşmə: nadir hallarda {1011} üzrə; Mineral aqreqatları: çubuqvari, radial-şüalı («turmalin günəşi»), qarışıq-iynəvarı, lifli əmələgəlmələr, bəzən bütöv dənəvər və gizlikristallik kütlələr.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Turmalinlər qranitlərdə və qranit peqmatitlərində geniş yayılmışdır. Hidrotermal turmalin kvars-turmalin damarlarında, qalay filizi, kolçedan, qurğuşun-sink yataqlarında qeyd edilir. Metasomatik proseslərin məhsulu kimi qreyzenlərdə, skarnlarda və törəmə kvarsitlərdə müşahidə edilir. Metamorfik süxurlarda – fillitlərdə, kristallik şistlərdə və qneyslərdə rast gəlir. Çökmə süxurlarda turmalin qırıntı və autigen mineral kimi iştirak edir. Kimyəvi dayanıqlı mineral kimi səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: kvars, topaz, kassiterit, muskovit, lepidolit, biotit, siderit, maqnezit, xlorit və b. Mineralın tapıldığı yerlər: Qrota d'Oci (İtaliya); Dalneqorski, Şaytanka, Murzinka, Sarapulka, Lipovka (Rusiya); Kremençuq rayonu, Krivoy Roq hövzəsinin cənubu (Ukrayna); Orissa şt. (Hindistan); Şri-Lanka ad.; Madaqaskar ad.; Orsana (ABŞ); Minas-Jerays (Braziliya) və b. Azərbaycanda Gədəbəy rayonunda qreyzenlər içərisində yerləşən Əyridağ turmalin yatağı əsasən şerllə və qismən dravitlə təmsil olunmuşdur. İkinci dərəcəli mineral kimi turmalin Gədəbəy və İtqırılan kolçedan yataqlarında rast gəlir. Həmçinin Daşkəsən dəmir filizi, Başqışlaq barit-polimetal yataqlarında və Tutqun filiz sahəsində (Kəlbəcər rayonu) törəmə kvarsitlər içərisində aşkar edilmişdir.

Şəffaf, gözəl boyanmış yaşıl, çəhrayı və polixrom turmalinlər qiymətli zərgərlik daşlarıdır. Turmalin piro- və pyezoelektrik xammalı kimi radiotexnikada və optik cihazqayırmada istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]