Türyançay
Türyançay - Kürün sol qolu. Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonları ərazisindən axır.
Uzunluğu 180 km, hövzəsinin sahəsi 1840 km²-dir. Başlanğıcını Bazardüzü dağın cənub-qərb yamacından (3680 m) alır. Başlıca qolları -soldan Tikanlı (uzunluğu 56 km), Bum (uzunluğu 51 km), sağdan isə Nəzər (uzunluğu 34 km), Qala.(uzunluğu 42 km) çaylarıdır. Axımı qar (18%), yağış (21%) və yeraltı (61%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları, payız fəslində isə yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Daşqın dövründə (aprel-iyul aylarında) illik axımının 50-60%-i keçir. Çayda ən az su sərfi yanvar ayında müşahidə edilir.Çayın orta illik sərfi 15,8 kub m/san-dir.