Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır.
Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər.
Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.