Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur.
İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur.
== Karyerası ==
Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir.
Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.