Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur.
Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.