Vəfd
Hizb əl-Vəfd (ərəb. حزب الوفد; mənası – Nümayəndələr partiyası) — 1918–1953-cü illərdə milli azadlıq hərəkatına rəhbərlik edən liberal-milliyətçi istiqamətli Misirin ən böyük tarixi partiyası. Misir krallığının konstitusiyalı monarxiyaya doğru təkamülünü dəstəkləmişdir. 1952-ci il inqilabından sonra ləğv edilmişdir.
1918-ci ilin noyabrında Səd Zəğlul tərəfindən yaradılmışdlr. Əvvəlcə 7 nəfərdən ibarət komitə idi. 1924-cü ildə kütləvi siyasi parlament partiyasına çevrilmişdir. 1927-ci ildən Mustafa Nəhhas Paşa rəhbərlik edirdi. Bu, milli burjuaziyanın partiyası idi ki, onun tərkibinə ziyalıların, mülkədarların və xırda burjuaziyanın nümayəndələri də daxil idi. Misirin müstəqil burjua dövlətinə çevrilməsini özünün əsas məqsədi kimi görür, lakin bəzən ingilis imperialistləri ilə danışıqlar aparır, kütlələrin inqilabi fəaliyyətini cilovlayırdı.