Takamine Cokiçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Takamine Cokiçi
yap. 高峰 譲吉
Doğum tarixi 3 noyabr 1854(1854-11-03)[1][2][…]
Vəfat tarixi 22 iyul 1922(1922-07-22)[1][3] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Nefrit (xəstəlik)
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti kimyaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takamine Cokiçi (高峰 譲吉?, 3 noyabr 1854[1][2][…]22 iyul 1922[1][3], Nyu-York, Nyu-York ştatı)Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs.[4] "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır.[4] ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur.[4]

İlk illəri və təhsili

Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur.[4] 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır.[4] Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır.[4]

1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir.[4] Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir.[4] Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir.[4]

Karyerası

Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur.[4] O, ABŞ-yə qayıtmaq istəsə də, oradakı gübrə istehsalı ilə rəqabət edə bilməyəcəyini düşünüb enzimologiya sahəsinə yönəlmişdir.[4] 1890-ci ildə Çikaqoya köçərək bir içki zavodunda tədqiqatçı kimi işləməyə başlamış, burada süni göbələk kulturu metodu ilə distillə prosesini sürətləndirməyi bacarmış və "Bonzay" adlı viski növü yaratmışdır.[4][5]

1894-cü ildə ABŞ-də ilk mikrobial ferment patentini almışdır.[4] O, Nyu-Cersi ştatının Klifton şəhərində Takamine Tədqiqat Mərkəzini yaratmış və burada həzm dərmanı kimi istifadə olunan takadiastazanı almışdır.[5] "Parke-Davis" şirkəti tərəfindən satılan bu dərman uğurlu olduqdan sonra Takamine şirkətin məsləhətçisi kimi işləməyə başlamışdır.[4]

1898-ci ildə Nyu-York şəhərinə köçərək burada müstəqil laboratoriya qurmuşdur.[4] 1901-ci ildə köməkçisi Keyzo Uenaka ilə birlikdə adrenalin hormonunu saf çəkildə ayırmış, beləliklə, hormon ayıra bilmiş ilk kimyaçı olmuşdur.[4] Adrenalin və takadiastazadan əldə etdiyi gəlir sayəsində Yaponiyada bir, ABŞ-də iki şirkət qurmuşdur.[4]

ABŞ–Yaponiya əlaqələri

Takamine ABŞ–Yaponiya əlaqələrinin inkişafında da töhfələr vermişdir.[4] 1905-ci ildə Nippon klubunun qurucu üzvü, 1907-ci ildə Manhettendə Yaponiya Cəmiyyətinin vitse-prezidenti olmuşdur.[5] O, Nyu-York Yapon Assosiasiyasının qurucusu olmuş və dörd dəfə prezidenti seçilmişdir.[5]

1909-cu ildə Vaşinqtonda Potomak çayı ətrafındakı bölgənin ABŞ-nin birinci xanımı Helen Herron Taft tərəfindən abadlaşdırdığını öyrənən Takamine ona Tokiodan gətirilmiş 2000 sakura ağacı hədiyyə etmişdir.[4]

İstinadlar

  1. 1 2 3 4 Jokichi Takamine // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Jokichi Takamine // Who Named It? (ing.).
  3. 1 2 Jokichi Takamine // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Bennett, Joan. "Adrenalin and cherry trees". Modern Drug Discoveries (ingiliscə). IV (12). dekabr 2001: 47–48. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2022.
  5. 1 2 3 4 The Encyclopedia of New York City

Ədəbiyyat