Maqsud Cavadov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maqsud Cavadov
Doğum tarixi 13 aprel 1912(1912-04-13)
Doğum yeri
Vəfat tarixi 25 may 1972(1972-05-25) (60 yaşında)
Vəfat yeri
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
Elmi adları Professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü
Təhsili
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi Azərbaycan SSR əməkdar müəllimi

Maqsud Əlisimran oğlu Cavadov (13 aprel 1912, Basqal, Şamaxı qəzası25 may 1972, Bakı) — fizika-riyaziyyat elmləri doktoru(1957), professor(1959), Əməkdar müəllim(1943), Əməkdar elm xadimi(1962), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü(1962).[1][2][3][4][5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. Atası Əlisimran Cavadov 1913-cü ildə, anası Mələk Qulu qızı isə 1918-ci ildə vəfat etmiş, 16 yaşlı Maqsud Cavadov valideyn himayəsindən məhrum olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914–1918-ci illərdə isə Şəkidə yaşayan dayısı Ağaəli Quliyevin köməyi ilə təhsilini Şəki gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğulduğu kəndə qayıtmış və orada özündən kiçik olan iki qardaşının qayğısını öz üzərinə götürərək kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 1927-ci ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini orta məktəblər üçün riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirdikdən sonra xüsusi istedadı nəzərə alınaraq Maarif Nazirliyi tərəfindən Bakıda saxlanılmış və təhsilini davam etdirmək məqsədilə Bakı Dövlət Universitetinə göndərilmişdir. O, 1930-cu ildə Bakı Dövlət Universitetinin də Fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1932-ci ildə həmin institutun aspiranturasını Ali məktəb müəllimi ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Maqsud Cavadov 1920-ci ildə sonra nahiyə hərbi komissarlığında işə düzəlir və 1923-cü ilə qədər orada katib, 1923-1924-cü illərdə isə Basqal kəndində nahiyə Kənd sovetinin katibi vəzifəsində işləyir. O, 1924-cü ildə Şamaxı rayon nahiyə Təhsil Şöbəsinin göndərişi ilə təhsil almaq üçün Bakıya ezam olunur. 1927-ci ildə Pedaqoji İnstitut ilə Bakı Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M. Cavadovun sonrakı fəaliyyəti BDU-nun Ali riyaziyyat kafedrası ilə bağlanmışdır. Belə ki, o, 1927-1928-ci illərdə tələbəsi olduğu universitetin Ali riyaziyyat kafedrasında elmi işçi kimi çalışmışdır.

Maqsud Cavadov pedaqoji fəaliyyətə 1927-ci ildə Bakı İqtisadiyyat və Sənaye Texnikumunda başlamış, 1930-cu ilə qədər burada işləmişdir. 1930-1934-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ali riyaziyyat kafedrasında assistent, 1934-1938-ci illərdə həmin institutda və Bakı Dövlət Universitetində dosent əvəzi vəzifəsində çalışmışdır. O, 1938-ci ildən universitetin Riyaziyyat kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Maqsud Cavadov 1938-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində özünün yaratdığı Həndəsə kafedrasının müdiri, eyni zamanda 1943-cü ilin martından, 1944-cü ilin dekabrına qədər universitetin Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-cü ilin dekabrından 1952-ci ilin sentyabrına qədər universitetin Tədris işləri üzrə prorektoru vəzifələrində işləmişdir.

Universitetlə yanaşı olaraq, M. Cavadov respublikanın digər ali məktəblərində də fəaliyyət göstərmişdir. Maqsud müəllim, eyni zamanda 1932-1939-cu illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1936-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır.

Maqsud Cavadov respublikanın ictimai-siyasi işlərində də fəal çalışmışdır. O, bir neçə dəfə Bakı şəhəri və rayon Sovetlərinə deputat seçilmişdir. Həmçinin, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdindəki elmi metodik sovetin üzvü olmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Maqsud Cavadov 1940-cı il iyunun 21-də Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasında P. K. Raşevskinin rəhbərliyi ilə "Honometrik sistemlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1940-cı ilin 07 oktyabrında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. O, Azərbaycanda riyaziyyat üzrə ilk alimlik dərəcəsi almış şəxslərdən biri olmuşdur.

Maqsud Cavadov 1957-ci ildə isə Kazan Dövlət Universitetində M. Cavadov "Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1959-cu il iyul ayının 18-də ona doktorluq diplomu verilmişdir. P. K. Raşevski isə M. Cavadovun doktorluq işinə məsləhətçi olmuşdur. Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə prof. M. Cavadov 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Maqsud Cavadovun Azərbaycanda riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında və ali məktəblərdə riyaziyyatın tədrisində, Azərbaycan dilində riyazi terminlərin yaradılmasında və formalaşmasında da böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq bir müddətdə Maarif Nazirliyinin Elmi Metodik Şurasının Riyaziyyat bölməsinə rəhbərlik etmişdir. Həmçinin, məktəblilərin Respublika riyaziyyat olimpiadası təşkilat komitəsinin daimi rəhbəri olmuşdur.

Maqsud Cavadov AMEA-nın həqiqi üzvü Ə. İ. Hüseynov ilə birlikdə "Azərbaycanda riyaziyyatın inkişafı tarixi" (1920–1960-cı illər) monoqrafiyasının müəllifidir.

P. K. Raşevski 1946-cı ildə M. Cavadovu B. A. Rozenfeldlə tanış edir. Həmin vaxtda M. Cavadov BDU-da elmi işlər üzrə prorektor, həm də kafedra müdiri işləyirdi. Bu səlahiyyətlərindən istifadə edərək istedadlı, gənc B. A. Rozenfeldi Bakıya, BDU-da işləməyə dəvət edir və onun işləməsinə şərait yaradır. B. A. Rozenfeld BDU-da M. Cavadovun təklifi ilə riyaziyyatın tarixi haqqında mühazirələr oxuyur. O vaxtlar SSRİ məkanında, o cümlədən Azərbaycanda Ömər Xəyyamın, Nəsirəddin Tusinin riyaziyyata aid əsərləri haqqında heç bir məlumat yox idi və ya çox az idi. B. A. Rozenfeld riyaziyyatın tarixinə dair mühazirələrə hazırlaşarkən, ingilis və ərəb dillərindəki mənbələrdən bu Şərq alimləri haqqında məlumatları toplayır və onları rus dilinə tərcümə edib nəşr etdirir. N. Tusinin ərəb dilində yazılmış "Ekvilidin başlanğıclar əsərinin şərhi", Amerikada ingilis dilində nəşr olunmuş "Ekvlid, Tusi və Şakerri" əsərini rus dilinə tərcümə edir. Tusinin Marağa rəsədxanasındakı fəaliyyətini rus dilinə çevirməklə yanaşı, onlara şərh yazır. Gənc Azərbaycan riyaziyyatçılarını bu işlərə cəlb edir. Nəticədə, BDU-da bu işləri davam etdirən, genişləndirən R. Sultanov, N. Abbasov, S. Qasımova, M. Əkbərov kimi alimlər yetişir. Həbib Məmmədbəyli, Məmmədağa Soltanov, Nadir İbrahimov bu tərcümələr sayəsində N. Tusinin, Ö.Xəyyamın, Əl-Biruninin, Uluqbəyin işləri ilə tanış olurlar, astronomiya sahəsində irəliləyişlər olur. Sonralar o dövr üçün Avropada ən böyük olan Şamaxı Rəsədxanası inşa olunur və orada aktual elmi işlər aparılır. Bütün bu elmi işlərin ilhamçısı Maqsud Cavadov olur. Professor Maqsud Cavadov Azərbaycanın riyaziyyatçısıastronomu Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyatı tarixində ikinci həndəsəçi kimi məşhurlaşmışdı. Onun həndəsə sahəsində apardığı 21 elmi tədqiqat işi bunu cəsarətlə deməyə əsas verir. Maqsud Cavadov həndəsə məktəbi ölkəmizin üçüncü həndəsəçi alimi kimi tanınan Əməkdar Elm Xadimi, professor Arif Səlimov tərəfindən müasir diferensial-həndəsi metodlarla daha da inkişaf elətdirilərək, dünyanın həndəsə üzrə tanınmış elmi məktəbinə çevrilmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

Maqsud Cavadovun Azərbaycan dilində tədris ədəbiyyatı yaratmaq sahəsində böyük rolu olmuşdur. M. Ə. Cavadovun Azərbaycan dilində çap olunmuş və ali məktəblər üçün tədris vəsaiti olan kitabları mövcuddur. Bu kitablardan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbəəsində çap olunmuş "Diferensial həndəsə"(1934), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun mətbəəsində çap olunmuş "Analitik həndəsə"(1936), Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Xətti və kvadratik formalar"(1941), Ukrayna EA-nın akademiki Yaroslav Borisoviç Lopatinski ilə birlikdə Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Qruplar nəzəriyyəsi elementləri"(1942), Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Vektor hesabının analitik həndəsəyə tətbiqləri"(1949), Qiyabi Pedaqoji İnstitutun mətbəəsində çap olunmuş "Determinantlar nəzəriyyəsi"(1954), Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuş "Vektorlar hesabı"(1957), "Həndəsə kursunun strukturu", "Analitik həndəsə kursunda afin və proyektiv çevriləmələr", "Böyük rus alimi N. İ. Lobaçevski", "Sonlu fərqlər hesabı", "Riyazi analiz kursu" və s. göstərmək olar.

Rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor Segey Sergeyeviç Byuşgensin "Analitik həndəsə" I, II cildlər, "Diferensial həndəsə" I cild, professor Nil Aleksandroviç Qlaqolyevin "Proyektiv həndəsə", professor B.N Pobedinskinin "Proyektiv həndəsə" kitablarının vaxtilə ölkədə riyazi təhsilin inkişafında böyük rolu olmuş, bu gün də öz əhəmiyyətini itirməmişdir.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Maqsud Cavadov 1972-ci ildə 70 yaşında vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

Maqsud Cavadov 1943-cü ildə Respublikanın "Əməkdar müəllimi", 1962-ci ildə Respublikanın "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. M. Cavadov SSRİ dövrünün ən yüksək mükafatı olan "Lenin" ordeni ilə, iki dəfə "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. Həmçinin elmi və siyasi biliklər yayma işində M. Cavadov iki dəfə — 1968 və 1970-ci illərdə SSRİ "Bilik" Cəmiyyəti tərəfindən razılıq fərmanları ilə təltif edilmişdir.

Həsr olunmuş kitablar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Магсуд Алисимран оглы Джавадов, Юбилейная Комиссия, издательство "Коммунист", 1973

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cavadov Maqsud Əlisimran oğlu". science.gov.az. 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  2. "AMEA-nın müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov". www.imm.az. 05/10/2015. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.05.2024.
  3. "Arxivlənmiş surət". www.anl.az. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. "Görkəmli alim Maqsud Cavadovun anadan olmasının 120 illiyinə həsr edilmiş Elmi sessiya". azertag.az. 13.04.2022. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.05.2024.
  5. "Qədim Basqalın yetirməsi olan tanınmış riyaziyyatçı Maqsud Cavadovun xatirə günü". ismayilli-ih.gov.az. 05.11.2015. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.05.2024.