Çay dəstgahı

Çay dəstgahıAzərbaycan ədəbiyyatında ilk alleqorik pyes[1].

Cəlil Məmmədquluzadənin 2 dekabr 1889-cu ildə Baş Noraşendə (indiki Cəlilkənddə) yazdığı ilk bədii əsərdir[2]. Cəlil Məmmədquluzadənin gənclik illərində bədii yaradıcılığa pyes yazmaqla başlaması anlaşılandır[3]. Əsər ilk dəfə Cəlil Məmmədquluzadənin iştirakı ilə Baş Noraşen məktəbində həvəskar müəllim və şagirdlər tərəfindən tamaşaya qoyulmuşdur[4]. Əsərdə sadə bir sujet əsasında həmin dövr üçün aktual və əhəmiyyətli olan "kimdir müqəssir" və "nicat yolu haradadır" kimi suallara cavab axtarılmışdır[5]. Dramaturq hadisələri alleqorik şəkildə Samovar, Padnos, Çaynik, İstekan, Qaşıq, Maşa, Truba, Nökər obrazları vasitəsilə əks etdirmişdir. Əhvalat Hacı Rəhimbəyovun evində baş verir. Kresloda samovar, stullarda padnos, istəkan, qaşıq, maşa, çaynik, nəlbəki, truba oturub. "Çay dəstgahı"nın remarkasına diqqət etsək, özünü ağsaqqal hesab eden Samovar kresloda, İstəkan sağ stulda, Nəlbəki isə stolda əyləşmişdir. Samovar onları xəbərdar edir ki, dünən bu zaman öz xanımı ilə içdiyi çaydan lazımi tamı ala bilməyiblər. Əsərdə müzakirələr də bunun səbəblərini araşdırmaq üçün aparılır. Çaynik ağlayaraq cavab verir ki, "Cümləmizi ağa tamam qıracaq". Padnos da təklif irəli sürür ki, bu gün çayın dadının olmamasının səbəbini kəşf etməyilik. Samovar 13 il ağaya sədaqətlə qulluqdan sonra ona xəyanət edə biləcəyini heç təsəvvürünə də gətirmədiyini bildirir və hər kəsin məsələyə aydınlıq gətirilməsini zəruri sayır. Padnos təklif edir ki, "İndi mən beylə məsləhət görürəm, Çağıraq Nökəri buraya bu dəm". Nökər Əli köhnə və nimdaş paltarda, əlləri kömürçü əli kimi qara və çirkli halda gəlir və Samovara baş əyir. Nökər söhbət əsnasında qabları ətəkləri ilə sildiyini, su qaynamamış çay dəmlədiyini etiraf edir. Samovar bildirir ki, onda müqəssir Nökərdi. Nökər də özünü müdafiə edərək bildirir ki, 6 aydır məvacib ala bilmir. Samovar ədalətli görünməyə cəhd edərək, belə qenaətə gəlir ki, çayı içən özü qabları silməli, nökərə etibar etməməlidir. Bununla belə, hər kəs – ağa evinə məxsus əşyalar belə, nökər həyatı yaşayan insana qarşı hökm çıxara bilirlər.

Alleqoriya ədəbi sənətin bir növü kimi mənəvi əhəmiyyət kəsb edən xarakterin, yerin və ya hadisənin gizli mənasını çatdırmaq kimi şərh edilə bilən povest və ya vizual obrazdır. Müəlliflər mürəkkəb ideyalarıkonsepsiyaları tamaşaçıya, oxucuya və ya dinləyiciyə mənalı və ya təəccübləndirəcək şəkildə təsvir etmək və ya çatdırmaq üçün tarix boyu sənətin bütün formalarında alleqoriyadan istifadə etmişlər. Yazıçılar adətən simvolik fiqurlar, hərəkətlər, obrazlar və ya hadisələr vasitəsilə yarımgizli və ya mürəkkəb mənanı çatdırmaq üçün alleqoriyalardan istifadə edirlər ki, bunlar birlikdə müəllifin çatdırmaq istədiyi əxlaqi, mənəvi məna yaradır. Bir çox alleqoriyalar mücərrəd anlayışların təcəssümündən istifadə edir. Cəlil Məmmədquluzadə bu pyesində alleqorik obrazlardan istifadə edib. Bunlar: Samovar, Padnos, Çaynik, İstekan, Nəlbəki, Qaşıq, Maşa və Truba obrazlarıdır. Bu obrazlar özlərində müxtəlif insani keyfiyyətləri təcəssüm etdirir.

Müəllif cəmiyyətdəki çatışmazlıqları yığcam şəkildə və rəmzi vasitələrlə göstərməyə önəm vermişdir. Milli dramaturgiyamızda alleqorik janrda yazılmış ilk səhnə əsəri olan bu pyesin sadə bir sujeti vardır[6][7]. Dərin ictimai məzmuna malik suallara cavabın axtardığı bu əsər milli uşaq dramaturgiyasının ilk nümünəsi kimi də mühüm əhəmiyyət kəsb edir.

  • X. Əlimirzəyev. Problemlər və xarakterlər dramaturgiyası. Bakı, "Yazıçı", 1979, 355 s.
  • İ. Hıəbibbəyli. Baş NOraşen məktəbində tamaşa //"Ədəbiyyat qəzeti", 4 mart 1994
  • İ. Hıəbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan,"Əcəmi", 2009, 424 s.
  1. Cəlil Məmmədquluzadə. Əsərləri 4 cilddə, III cild. Bakı,"Öndər", 2004,
  2. Molla Nəsrəddin(ensiklopediyası)
  3. "Cəlil Məmmədquluzadə". Bakı: "İşıq". 1987. 190.
  4. Molla Nəsrəddin(Ensiklopediyası)
  5. Molla Nəsrəddin(ensiklopediyası)
  6. İbrahimov M. "Böyük satira ustası". Bakı: "Azərnəşr". 1966. 96.
  7. Cəfərov M. "Cəlil Məmmədquluzadə". Bakı: "Çinar-Çap". 2002. 72.