Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur.
"Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr).
Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər.
Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
Çin əfsanəsinə görə 12 heyvan öz aralarında 12 illik dövrəyə kim başçılıq edəcək deyə mübahisə edirlər. Bu məsələni həll etməyi itdən xahiş edirlər və o təklif edir ki, kim çayı birinci keçərsə, o da birinci olsun. Qalanlar illərini hansı ardıcıllıqla çayı keçmələrindən asılı olaraq alacaqlar. Hamı suya tullanır. Siçan öküzdən xəbərsiz onun belinə çıxır və o, sahilə yanaşanda tullanır və birinci olur. Beləliklə də siçan ili siyahıya başçılıq edir. Donuz axırıncı gəlib çıxır.
"Bahar bayramı" zamanı Çin "Qızıl həftə" adlanan yeddigünlük tətilə çıxır. Fasiləsiz dövrə müəssisələrindən və dövlətin həyat əhəmiyyətli xidmətlərindən başqa bütün idarə və müəssisələrin işi dayanır.
"Çusi" adlandırılan Bahar bayramı gecəsi bütün ailə bir yerə yığışır. Bol bayram süfrəsi açılır, bundan sonra müxtəlif mövzularda söhbətlər aparılır, oyunlar oynanılır. Bir çox ailələrdə bütün gecəni yatmırlar, bu "Şousuy" – Yeni ili gözləmə adlanır. Növbəti günün səhəri qohum və yaxınların evlərinə baş çəkib təbrik edir və xoşbəxtlik diləyirlər. Bahar bayramı günlərində ənənəvi kütləvi tamaşalar: şirlər rəqsi, əjdahalar rəqsi, "quru qayıqları" yallısı oynayır, ağacayaqlarda nömrələr düzənlənir.
Ümumçin ictimai rəyin öyrənilməsi institutunun Çini iri və kiçik şəhərlərində keçirdiyi sosioloji tədqiqata görə, hər bir ailə yeni ili qarşılamağa – bayram süfrəsinə və qohum və dostlar üçün hədiyyələrə — 1,5–3 min yuan (183–366 ABŞ dolları) xərcləyir. Xüsusi gərginlik növbəti həftədə nəqliyyatın üstünə düşür – adətən bu günlərdə validyinlərə, qohumlara baş çəkmək və turist səfərlərinə çıxmaq qəbul olunub. Ənənəyə əsasən bayram şənlikləri köhnə ilin qurtarmağına 10 gün qalmış başlayır və yeni ilin birinci ayının axırıncı günü ilə sona çatır.
Çuntsze – və ya "Bahar bayramı" – Çinin ən böyük və sevimli bayramı olaraq qalmaqdadır. "Mədəni inqilab"dan sonra o, bağlı olduğu xalq ənənələrinin bütün zənginliyi və rəngarəngliyi ilə yenidən doğulmuşdur. Kənd əhalisi şəhər sakinlərinə, xüsusən paytaxt sakinlərinə nisbətən bayramın mərasim tərəflərini daha artıq dərəcədə saxlamışdır, lakin mahiyyət etibarilə hər bir çinli gələcək ailə səadətini, sağlamlıq və rifahını Çuntsze ilə bağlayır.
Bahar bayramı imperator U-dinin vaxtından (e.ə. 140–86-cı illər) yeni ilin başlanğıcı sayılır. Buna görə də, Bahar bayramı Qriqorian təqvimi ilə müxtəlif illərdə yanvarın axırından tutmuş fevralın ikinci yarısına qədər müxtəlif tarixlərə düşür.
Pekində Çuntszenin gəlişi artıq bayrama bir neçə həftə qalmışdan hiss olunur. Xeyli əvvəldən müxtəlif şəhərlərdə, əyalətlərdə, çox vaxt isə xaricdə yaşayan qohumlar arasında yazışma başlayır. Onlar Bahar bayramında görüə biləcəklərmi? Axı həmin gecə ümumi ailəvi toplanma – minillərdən qalmış ənənədir. Çuntsze ərəfəsində məktəb və universitetlərdə tətillər, müəssisələrdə isə məzuniyyətlər mövsümünün qızğın çağı başlayır. Yüz minlərlə insan vağzalların kassalaına hücum çəkir. Dəmir yolu bileti alverçiləri ora-bura qaçırlar. Polisin işi həddən çox artır: alverçilərlə məşğul olmaq lazım gəlir, sərnişinlərin əşyalarını da diqqətlə yoxlamaq lazımdır ki, vaqonlara artıq bir çox dəmir yolu faciələrinin səbəbi olan təhlükəli yük – partlaqanlar daxil olmasın.
Bu partlaqanlar Çuntszenin daimi atributudur. Axı bayramdan qabaq hər yerdə ümumi təmizlik işləri görürlər: pəncərələri yuyur, otaqlardan tozu silir və həyətin palçığını təmizləyirlər. "Qeyri-maddi" zibili bəs neyləməli? E.ə. IV əsrdən başlayaraq Çində yeni il qabağı gecəsi sobaya bambuk çubuqlar atmaq adəti meydana gəlmişdir ki, bu da öz şaqqıltısı ilə ailə ocağından "pis nəfsləri" qovlayırdı. Daha sonralar bambuk atışan çubuqlar (Çin dilində — baoçju) barıt partlaqanlarla əvəz olunmuşdur, lakin onların əvvəlki adı saxlanılmışdır. Hazırda Pekində bayram ərəfəsində "pirotexnika" ticarəti hər yerdə gedir və alıcılara zəngin seçim təklif olunur: burada adi şaqqıltı ilə partlayan partlaqanlar da, uzun taxta millərdən dik yuxarı uçan raketlər də, bir xeyli fışıldayan rəngbərəng raketlər atan uzun karton lülələr də, sonsuz pulemyot növbəsi effekti yaradan ardıcıl birləşmiş kiçik fişəng hörükləri də vardır. Lakin son zamanlar paytaxtda, eləcə də ölkənin digər şəhərlərində hökumət bu təhlükəli əyləncənin məhdudlaşdırılması istiqamətində addımlar atır. Çünki ilbəil partlaqanlarla ehtiyatsız davranma ucbatından daha çox yanğın və yaralanma halları baş verir. Yeni il günlərində küçələrdə yenicə kibrit yandırmağa öyrənmiş uşaqların bir qucaq raketlə yaraqlandığına tez-tez rast gəlmək mümkündür. Bazara çoxlu sayda əldə qayrılmış, olduqca etibarsız və təhlükəli pirotexnika çıxır. Məhz bu səbəbdən polislər sərnişinlərin yükünü yoxlamağa və oradan partlayış təhlükəli "sovqatları" götürməyə məcburdular.
Son illər Bakıda və Azərbaycanın digər şəhərlərində Yeni il və Novruz bayramı şənlikləri zamanı uşaqar, eləcə də böyüklər Çindən gətirilmiş barıt partlaqanlardan atəş açır, müxtəlif əyləncəli pirotexniki vasitələrdən istifadə edirlər.
Bayram pekinlilər üçün böyük sevincdir, lakin o, bir sıra əlavə xərclər də tələb edir. Çində belə hesab edirlər ki, Yeni ili necə qarşılayarsansa, o, elə də keçəcək. Yeni ilə bir neçə ay qalmış ailə pul ayırmağa başlayır. Pekin mağazalarında ərzaq qıtlığı yoxdur, amma süfrə üçün ləziz şeylər almaq üçün bir az səxavətli olmaq lazımdır. Buna görə də, əlavə saxlanclara ehtiyac var, həm də ənənəyə uyğun ötən ildən qalma borcları da Yeni il ərəfəsində mütləq qaytarmaq lazımdır.
Bayramdan əvvəlki gün iş bir az tez qurtarır. Ticarət küçələri, bazar və mağazalar ağzınacan camaatla dolu olur. Ənənəyə görə bayram süfrəsiniı gecə düşməzdən bir neçə saat qabaq hazırlamaq lazımdır: axı mətbəxdə bıçaqdan istifadə etməil olursan, onunla isə əlini kəsib talenin qismət etdiyi xoşbəxtliyi itirə bilərsən. Yeni il süfrəsinə demək olar ki, həmişə düşbərə hazırlanır, bu da adətən bütün ailə ilə birlikidə hazırlanır.
Bayramı müşayət edən bir çox mərasimlər böyük şəhərəlrdə artıq keçmişdə qalmışdır, burada əcdadalara sitayiş, onların qəbirlərinə baş çəkmə, evə "pis nəfslər" girməsin deyə əsas qapının gecə yarısından əvvəl kağız yarlıklarla yapışdırılması artıq unudulmuşdur. Bu gün Pekində televizor qarşısında sakit ailəvi süfrə ənənəsi, bir-birinə hədiyyə vermək (hədiyyələr müxtəlif ola bilər, ancaq mütləq qəşəng bükülü kağızda qablaşdırılmalıdır) və əlbəttə ki, təntənəli özfəaliyyət atəşfəşanlığının təşkili qorunub saxlanılmışdır. Gecə yarı Pekin üzərində qulaqbatıran gurultu yayılır, həyətlərdən və çoxmərtəbəli evlərin balkonlarından atəş fontanı qalxır, küçələr qara tüstüyə bürünür və uşaqdan-böyüyə hamı sevinc içində olur. Atəşfəşanlıq yavaş-yavaş səngiyərək səhərə qədər davam edir və yeni gün Pekin küçələri kağız doğramaclarla – partlaqan və raketlərin qalıqaları ilə dolu olur.
Sonrakı iki-üç gündə Pekin dincəlir. Ancaq sonra tam iki həftə axşamlar şəhər parkları və məbədləri bayram əhval-ruhiyyəli insanlarla dolu olur. Ən izdihamlı gəzintilər Bayyunquan, Daçjunsı məbədlərində və Daquanyuan, Ditan, Tszıçjuyuan parklarında olur. Burada akrobatların və gözbağlayıcıların tamaşalarını görmək olar. Kütlənin diqqət mərkəzində adətən ekzotik şir və əjdaha rəqsləri olur. Çoxlu maraqlı və səmərəsiz şeylər satılan saysız-hesabsız xırdavat dükanları arasında veyillənmək, tüstülənən qazanlar və manqallarda ləzzətlə bişən Pekin isti çərəzlərinin dadına baxmaq da olar.
Əfsanəyə görə, şirlər rəqsinin yaranması Cənub və Şimal sülalələri dövrü ilə bağlıdır. Əfsanələrə uyğun olaraq eramızın 466-cı ilində imperator Ven-dinin qoşunları cənub xalqları ilə müharibədə vuruşlarda döyüş fillərindən istifadə edən düçmənlə qarşılaşmışlar. Bu qorxulu düşmənlə üzləşən çinlilər böyük itkilərə məruz qalmış və bir-birinin ardınca məğlubiyyətə düçar olmuşlar. Nəhayət sərkərdələrdən biri vəziyyətdən orijinal çıxış yolu təklif etmişdir, o, fikirləşirdi ki, fillər mütləq şirdən qorxmalıdırlar. Çində canlı şir heç zaman olmamışdır, lakin orduda qızğın iş gedirdi: lifdən və parçadan parlaq rənglənmiş sifəti və yekə dişləri olan çoxlu "şir" dərisi tikirlər. Hər dəriyə iki döyüşçü girirdi ki, onlar da "şiri" hərəkətə gətirirdilər.
Həlledici döyüş günü yetişir. "Şirlər" ağaclıqlarda gizlənirlər, döyüş gedəcək sahədə isə "canavar xəndəkləri" qazılır və üstü örtülür. Döyüş başlanır, düşmənin döyüş xəttində fillər öz yerini alan kimi barabanların gurultusu altında ağaclıqlardan "şirlər" dəhşətlə nərildəyərək çıxırlar. Fillər qaçışaraq süvariləri bellərindən atır, öz qoşunlarının sıralarını dağıdır və xəndəyə yuvarlanırlar. İmperator qoşunları tam qələbə qazanırlar. Bundan sonra təntənəli günlərdə Çin əsgərləri şirlər rəqsi ifa edirlər. XIV–XV əsrlərdəbu rəqs Quandun əyaləti kəndlərində Bahar bayramında meydana gəlmiş, sonralar isə bütün Çinə yayılmışdır. Bu zaman o, yeni ildə mümkün bədbəxtliklərdən müdafiəni simvolizə edirdi.
Əjdahalar rəqsi də demək olar ki, elə o qədər qədim tarixə malikdir. Artıq eramızın VII əsrində o, tez-tez bayram mərasimlərinə daxil edilir. Əjdaha rəqsində insanların bu qüdrətli məxluq qarşısında ehtiramı və ondan küləyin qarşısını almaq və torpağa, bol məhsul götürmək üçün zəruri olan yağış göndərmək xahişi ifadə olunur.
Rəqsin ifa olunması üçün kətan, kağız, tel və söyüd çübüqlarından parlaq rənglənmiş əjdaha hazırlanır. Onun uzunluğu 8–10 metrə çata bilər. Əjdahanın bədəni birləşdirilmiş hissələrdən ibarətdir (onların sayı mütləq tək olmalıdır:9,11 və ya 13), hər bir hissəni ona yapışdırılmış şüvülün köməyi ilə rəqsin bir iştirakçısı aparır. Barabanların və mis qabların gurultusu altında əjdaha bərk qıvrılaraq tamaşaçılar qarşısında hərəkətlər edir, dik yuxarı yüksəlir və lap yerə sıxılır, dalğavari hərəkətlər edir və effektiv dövrələr vurur. Əjdahanı idarə etmək ifaçılardan yüksək uzlaşma tələb edir, buna görə də məşqlər Bahar bayramına xeyli qalmış başlayır. Bir zamanlar qəsəbələr və şəhər rayonları arasında əsl yarışma keçirilərdi: kimin əjdahası daha yaxşıdır? Kənddən kəndə və şəhər küçələri ilə əjdahaları azarkeşlər yığını müşayət edərdi. Təəssüf ki, bu gün Pekində bu cür canlı və səs-küylü kütləvi nümayişlər olmur və əjdahaları onlar üçün ayrılmış meydanın hüdudlarından kənara buraxmırlar.
Yeni il şənliklərinin bütün iki həftəsi ərzində çinlilər bir-birini təbrik etməkdən yorulmurlar. İmkan daxilində evləri dibçəkdə cırtdan mandarin ağacları ilə bəzəyirlər. Canlı güllərin yoxluğu gül təsvirli kağızdan olan gözəl şəkillərlə əvəz olunur, bu yeni il xeyirxahlıq simvolikasının vacib elementidir. Pion bolluq və nəciblik, nərgiz isə ailə harmoniyası rəmzidir. Bayram axşamı təntənəli süfrə – nyan e fan açılır. Yeməkdən sonra yatmaq olmaz, öz xoşbəxtliyini qaçıra bilərsən. Əgər kimsə yeni il gecəsi dincəlmək üçün uzanarsa, hər halda tezdən durmalıdır. El arasında belə bir inanc mövcuddur: "Əgər Yeni ildə tez qalxarsansa, tez də varlanarsan".
Səhər isə bütün ailənin hazırladığı düşbərə — tszyao tszı yeyilir. Bu ənənə xüsusən Çinin şimalında yayılıb. Çinlilər xoşbəxt nəsil və maddi rifah arzularını düşbərə ilə əlaqələndirirlər. Cənubda yeni il xörəklərinə uzun ömür rəmzi olan xunıçunlu və uzun əriştəli supu aid edirlər.
Yeni ilin girməsi ilə üç bayram günü gəlir: çui, çuer və çusan. Birinci günün səhəri bir-birinə hədiyyələr verirlər. Keçmiş zamanlarda qırmızı kağıza bükülü gümüş, qızıl və ya mis sikkələr bağışlayardılar. Uşaqlara mütləq təzə paltar hədiyyə edirlər. Böyüklər də təzə geyinirlər. Qadınlar saç düzümlərini süni və ya canlı güllərlə bəzəyirlər. Yeni il şənliklərində dostlar və doğmalar bir-birinə baş çəkir, hədiyyə verir, bir-birini təbrik edirlər.
Hədiyyə olaraq yeni il şəkilləri – nyanxua verilə bilər, onunla evin içəri otaqlarını bəzəyirlər. Yeni il şəkli – Çin xalq tətbiqi sənəti janrıdır. Hazırda belə şəkillər tipoqrafik üsulla geniş çap olunur. Nyanxua rəmzi tam xoşbəxtlik diləyi ufunu – beş ənənvi xoşbəxtlik növünü: uzunömürlük, bolluq, əmin-amanlıq, səxavət və qoca yaşlarında ölüm (digər yozmaya görə — uzunömürlük, xoşbəxtlik, məhsuldarlıq, uğurlu karyera və bolluq) əks etdirir. Nyanxuanın xeyirxah mənası ümumi qəbul olunmuş simvollar yığınının köməyi ilə bildirilir. Belə ki, şən oğlan uşağı təsviri kişi irsi və ailə birliyi arzusu mənasını verir, rənglərin parlaqlığı həyatın solmayan təravətindən xəbər verir. Çox vaxt xoşbəxtlik rəmzi sözlərin fonetik uyğunluğu prinsipi ilə yaradılır: məsələn, balıq bolluğa uyğun gəlir, çünki bu sözlər Çin dilində eyni səslənməyə malikdir [yuy]. Bir çox şəkillər bütöv bir kompozisiyanı – omonimik oxşarlıq prinsipi ilə yaradılmış simvollardan ibarət rebusları ifadə edir. Məsələn, lotos yarpaqları üzərində əlində balıq durmuş oğlan uşağı təsviri – hər il bolluq gətirəcəyinə işarədir. Nyanxua üzərində ənənəvi təsvirlər xeyir gətirən Ölməz mələk və bolluq gətirən oğlan uşağı təsvirləridir. Uzunömürlük rəmzi ərik, şam ağacı və ya leylək şəkli, firavan nəsil – nar meyvəsi, zənginlik – pion ilə çatdırılır. Məşhur xoşbəxtlik rəmzi ziyanverici həşəratları "kəsib-doğrayan" yeni il applikasıyasıdır, bu da əqrəb, qırxayaq, ilan, kərtənkələ, hörümçək və bəzən qurbağadır (şimalda). Ənənəvi yeni il təbrikləri həmçinin duylyan – qoşa yazılar vasitəsilə də verilir. Onların adının daha bir variantı çunlyan – bahar qoşa yazılarıdır. Qırmızı kağızın üzərində qızılı heroqliflərlə qarşılanan ildə xoşbəxtlik və uğurla bağlı arzular yazılır. Onları evin girəcəyindən və otaqlardan asırlar. Bundan başqa, evin girəcəyində [fu] – xoşbəxtlik heroqlifi şəklində talisman asmaq yeni il ənənsi indiyə qədər də qalmaqdadır. Çox vaxt şəklin mənasını vurğulamaq üçün onu baş-ayaq asırlar. Yeni illə əlaqədar qonaqlar gələndə onlar "Xoşbəxtlik çevrilib" deyirlər, bu da [fu fan] – xoşbəxtlik qayıdır kimi səslənəcək.
Yeni ili təbrik etməyə qonaq gedən dostlar bir-birinə müxtəlif hədiyyələr bağışlayırlar. Məsələn, meyvəni səbətdə yaxud tor zənbildə, konfet, piroq, peçenye və tortu isə qutuda aparmaq yaxşı olar. Qohumlar və yaxın tanışlar ət, balıq, dəniz xərçəngi, siqaret, cüt sayda araq və ya çaxır şüşəsi, eləcə də xüsusən Çuntsze bayramında paltar gətirə bilərlər. Əcnəbilər çinlilərə konfet, peçenye, piroq (yeni il düyü piroqu xüsusilə dəyərlidir), yaxşı çay gətirə bilərlər.
Yeni ilə Çində vəhdət, ailə harmoniyası bildirən qoşa əşyalar: iki vaz, iki fincan və s. hədiyyə etmək qəbul olunmuşdur. Saat bağışlamaq, xüsusən yaşlı adamlara saat bağışlamaq məsləhət deyil, belə ki, onun tələffüzü çjun "son, ölüm" sözünün səslənməsilə oxşardır. Uşaq olmayan və ya hələ doğulması gözlənilən ailələrə oyuncaq, uşaq əşyaları hədiyyə etməzlər.
Çində qonaqların ev sahibinə hədiyyəsini çıxıb getməzdən əvvəl vermək qəbul olunmuşdur. Bəzən hətta onları ev sahibləri görməsin deyə gizli qoyurlar. Lakin indi bəzən hədiyyəni dərhal verirlər. Hədiyyəyə etinasız yanaşmaq olmaz. Onu açıb baxmaq, təşəkkür etmək və müvafiq qarışılıqlı hədiyyə vermək lazımdır. Hədiyyə edilmiş nişanı dərhal paltara bərkitmək qəbul olunmuşdur. Qonağa gələn dəfə hədiyyə gətirmək lazım olmadığını söyləmək nəzakətli olardı.
Yeni il gecəsi evin bütün qapı-pəncərəsi taybatay açılmalıdır ki, köhnə il evi tərk etsin.
Çində bayram rəngi qırmızı hesab olunur, bu vaxt küçələrdə qırmızı kağızdan çoxlu sayda bəzəklər görmək olar, bir çoxları evlərin qapı və pəncərə çərçivələrini qırmızı boyayırlar. Bundan əlavə, bayram qabağı mütləq hərtərəfli təmizlik işləri aparılır, Yeni ilin birinci günü isə heç bir halda süpürgə çəkmək olmaz, evdən uğuru süpürüb ata bilərsən.
Yeni ildən əvvəl bütün borcları qaytarmaq gərəkdir, qarşılanan ilin birinci günü isə borc almaq yaxud istəmək olmaz – hətta siqaret yandırmaq üçün alışqan belə.
Sözarası da olsa, ölümü xatırlamaq, ruhlar haqqında söhbət etmək, müəmmalı əhvalatlar danışmaq qadağandır. Həmçinin ötən ili xatırlamaq yersizdir, bütün söz və fikirlər gələcəyə yönəlməlidir.
Yeni ilin ilk günü uşaqlar üçün xoşbəxt gündür, bu zaman onları cəzalandırmaq olmaz: inanca görə ilin birinci günü ağlayarsansa, bütün il boyu ağlayacaqsan. Bu səbəbdən də valideynlər körpələri cəzalandırıb göz yaşı axıtmammaq üçün onların bütün dəcəlliklərinə dözürlər. Çində Yeni il münasibətilə yataqda uzanmış insanı təbrik etmək pis əlamətdir, buna görə də Yeni ilin birinci günü hamı – hətta xəstələr də mütləq yataqdan qalxır, bayram libası geyir və qonaq otağında oturular.
Bir də, ilin birinci günü ələ qayçı almağa da dəyməz – təsadüfən uğuru doğrayarsan.
Ay təqviminin ilk ayının 15-ci günü Çində Yuansyaotsze bayramı qeyd olunur (adətən qriqorian təqvimi ilə fevral və ya martda). Yuansyaotsze bayramı qədim tarixə malikdir və e.ə. II əsrə gedib çıxır. Qərbi Xan sülaləsi imperatoru Ven-di (e.ə. 179–156-cı illər) həmin gün rəqibləri ilə çətin mübarizədə qələbə qazanaraq taxta oturmuşdur. Bu vaxtdan etibarən o, hər il birinci ayın 15-ci günü axşamı saraydan çıxırdı ki, xalqla bir yerdə şənlik etsin. Bayramın adı üç hecadan təşkil olunub: "yuan" – birinci, ilk, "syao" – gecə, "tsze" – bayram deməkdir. Beləliklə, bu – imperator Ven-dinin taxtda ilk gecəsi bayramıdır.
Pekinlilər Bahar bayramı kimi Yuansyaotszeni də ailə içərisində qeyd edirlər. Süfrəyə mütləq xüsusi yemək – yuansyao verilir, bu suda bişirilmiş düyü unundan hazırlanan balaca toyuq yumurtaları boyda ağappaq kürəciklərdir. Tarixi min ildən çox olan yunsyaonun ondan artıq növü var və əsl qurmanlar bayram ərəfəsində onların hazırlanması üçün lazım olan şeyləri tapmaq üçün bir neçə mağaza gəzməyə tənbəllik etmirlər. Ümumiyyətlə isə avropalılar üçün yuansyao şit və qatı dad verir və onun əsas məziyyəti ondadır ki, bu yemək ailə ilə həmişə birlikdə olmaq və xoşbəxt yaşamaq arzusunun rəmzidir.
Yuansyaotszenin başqa adı da var – Dentsze (Məşəllər Bayramı). Məsələ burasındadır ki, eramızın I əsrində Çində buddizm yayılmışdı və Qərbi Xan sülaləsindən olan imperator Min-di (58–75-ci illər) 67-ci ildən başlayaraq həmin günü məbədə getmək və Buddaya ehtiram əlaməti olaraq məşəl yandırmaq adətini qoymuşdur. Bu mənalı mərasim dərhal xalq tərəfindən sevilmişdir. Min sülaləsinin hakimiyyəti dövründə birinci ayın 8-dən 17-dək Pekinin Denşikou və Tsyanmendatsze küçələrində minlərlə məşəl yandırılırdı, elə buradaca onların qızğın alveri gedirdi. Bizim günlərdə Pekini Tszıçjuyuan, Yuanminyuan və digər parklarında məşəllərin sərgi-müsabiqəsi geniş populyarlıq qazanmışdır. Ayrı-ayrı ustalar, müəssisələr, universitetlər və hərbi hissələr bayarma öz konstruksiyalarını: "su və dağlar", "güllər və quşlar" janrında şəkillərlə, tapmaca-yazılarla bəzədilmiş ənənəvi olaraq dörd və ya altıüzlü məşəllər hazırlayırlar. Lakin hərəkətedən elementləri olan, klassik ədəbi əsərlərdən səhnələr əks etdirən və ya müasir motivlərdən təşkil olunmuş çoxmərtəbəli qəliz kompozisiyalara da çox rast gəlinir; əjdaha, şir, simurq şəklində olan məşəllər də uğurla tətbiq olunur. Baxmayaraq ki, ilin bu vaxtı axşamlar kifayət qədər möhkəm şaxta olur, pekinlilər gecəyə qədər füsunkar alovlara tamaşa edərək parkın xiyabanlarında gəzişirlər.
Bu gün Çinin hər yerində Yuansyaotsze bayramı üçün məşəl sərgiləri keçirmək ənənəsi qorunub saxlanmışdır. Sərgiyə müxtəlif konstruksiyalı məşəllərə baxmaq üçün çoxlu insanlar gəlir. Həmin günü uşaqlar əldəqayırma və ya mağazalardan alınmış məşəllərlə küçələrə çıxır və oynaşırlar. Məşəldə tapmaca oyunu – bu bayram şənliklərinin ayrılmaz hissəsidir. Məşəl sahibi onun dibinə tapmaca yazılmış kağız asır. Əgər açmanı tapan cavabı bilirsə, o, kağızı qoparıb cavabı yoxlaya bilər. Əgər o, tapmacanı düz tapıbsa, balaca hədiyyə alır. Məşəldə tapmaca tapmaq adəti Sun sülaləsi dövründə meydana gəlib və bu gün də cəmiyyətin bütün təbəqələri arasında böyük şöhrətə malikdir.
O, 4 – 6 aprel arası günlərin birinə düşür. Çinlilər ta qədimdən həmin gün öz əcdadlarını yad edirlər. Hazırda isə "Tsinmin" bayramında həlak olmuş inqilabçıların və qəhrəmanların xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Həmin gün onların qəbrini səliqəyə salırlar. "Tsinmin"də adətən isti olur, təbiət çiçəklənir, buna görə də çoxları şəhərətrafı gəzintiyə yollanır, kağız ilanlar uçurdur, bahardan zövq alırlar. Məhz bu səbəbdən "Tsinmini" həm də "Tantsintsze" – ilk yaşıllıq üzərində gəzinti günü də adlandıırlar.
Belə hesab edilir ki, o, qədim Çin vətənpərvər şairi Tsyuy Yuanın şərəfinə meydana gəlmişdir. Şair Döyüşən hökmdarlıqlar dövründə Çu hökmdarlığında yaşamışdır. O, öz siyasi məqsədlərini həyata keçirə bilməmiş, Çu hökmdarlığını məhv olmaqdan qurtarmaq gücündə olmamışdır və beşinci ayın 5-ci günü (Çu hökmdarlığının Tsin hökmdarlığı tərəfindən zəbt edilməsindən sonra) özünü Milotszyan çayına atarq intihar etmişdir. Əfasanəyə görə, şairin ölümündən sonra insanlar qayıqlara oturub çayda onun cəsədini xeyli axtarmışlar. Bundan sonra hər il beşinci ayın 5-ci günü böyük şairin xatirəsinə çaylarda ənənəvi olaraq əjdaha formasında qayıqlarda yarışlar keçirilir. Eyni zamanda çaya Tsyuy Yuan üçün bişmiş düyü ilə doldurulmuş bambuk buğumları atırlar. Xalq arasında həmçinin bu gün "tszuntszı" – qarğı yarpağına bükülmüş düyü yemək adəti də qalmışdır.
O, payızın ortasına düşür, ona görə də hələ qədimdə onu "Çjuntsyu" adlandırırdılar. Həmin gün xalq arasında dağa qalxmaq, piroq yemək, pivə içmək və xrizantemaları seyr etmək adətləri də saxlanmışdır. "Çjuntsyu"da insanlar undan şirinqoğal bişirir və onu Ay allahına sovqat edirdilər. Mərasimin sonunda bütün ailə şirinqoğal yeyərdi ki, bu da ailə səadəti rəmzi idi. Bu adət bizim günlərə qədər qalmışdır. Həmin günü bədirlənmiş ay xüsusilə parlaq olur. Bütün ailə parlaq ayın altında bir yerə yığışır, səma cisimlərini seyr edir və ay şirinqoğalları yeyirlər.
O, Ay təqvimi ilə doqquzuncu ayın 9-cu gününə düşür. 80-ci illərin sonlarından başlayaraq "Çunyan" bayramı yaşlı insanlar üçün əlamətdar tarixə çevrilib. Hər il bu gün yaşlıların şərəfinə müxtəlif tədbirlər keçirilir, onları təntənəli yığıncaqlara və bədii özfəaliyyət baxışlarına dəvət edirlər.
Bununla yanaşı, son illər əcnəbi bayramlarınçinlilər, xüsusən də gənclər arasında populyarlığının kəskin artımı müşahidə olunur. Təbbi ki, əcnəbi bayramların populyarlığı "əcnəbi mədəniyyəti qarşısında əyilmək" demək dyildir, bunun əsasında bazar prosesləri durur. Bir çox gənclər qərb bayramlarını ənənəvi Çin bayramlarından, o cümlədən Çin Yeni ilindən, Ay bayramından və s. üstün tuturlar. Qərb bayramları Şərqdə çatışmayan spesifik mədəni məzmuna malikdir. Demək olar ki, bütün Çin bayramlarının əsas elementi bayram stolu və yeməkdir, müasir çinlilər isə süfrəni hər hansı bir hadisənin ayrılmaz hissəsi hesab etmirlər. Onlar üçün qərb bayramlarının yaratdığı bayram əhval-runiyyəsinin özü daha vacibdir. Bu həm də onunla izah oluna bilər ki, Çində insanlar varlanır, iş və həyat tempi sürətlənir və onlar imkan daxilində dincəlmək istəyirlər. Bundan başqa, müasir Çin gəncliyi ilk öncə kənd mühitində yaranmış ənənəvi bayramlarda daha az romantika görürlər.
Bugünkü Çin gəncliyi qərb bayramlarını, xüsusən Milad bayramını, Sevgililər gününü və s. qeyd etməyə can atırlar. Müasir gənclər dəbin güclü təsirinə daha çox məruz qalırlar və daha yüksək həyat səviyyəsinə can atırlar, yeni sevincli və romantik hisslər istəyirlər.