ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.
Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib. Ölkədə bu təşkilatlar tərəfindən yaradılmış 74 ruhani-dini təhsil müəssisəsi fəaliyyət göstərir.
Çində dinin tarixi çox qədimlərə gedib çıxır. Əgər Hindistanda din hökmranlığı və hindlinin dini düşüncəsi metafizik təxəyyüllə dolmuş hesab edilirsə, Çində başqa tip dini görüşlər yaranıb.
Çində dinin əsas elementlərinə animizm və politeizm daxil olub. Çinlilər hesab edirdilər ki, dünya ruhlarla doludur. Şər ruhlar (quy) – xəstəlik və bədbəxtlik gətirir. Bu ruhlardan qorunmaq və ya qovmaq üçün isə müxtəlif tilsim və rituallardan istifadə edilirdi. Çinlilər dünyanın iki elementin – "in" və "yan"ın birləşməsindən yaranmasına inanırdılar. "İn"qaranlıq, qadın, şər hesab olunurdu. Bu keyfiyyətləri özündə cəmləşdirən şər ruh "quy" idi. "Yan" isə istilik, işıq, xeyir, kişi demək idi və özündə bu keyfiyyətləri təcəssüm etdirən şeylər "quy"dan müdafiə olunmaq üçün bu keyfiyyətlərdən istifadə edə bilərdi. Çinlinin təsəvvüründəki ruhlar və tanrılar aləmi oxşar hakimiyyət və nüfuza malik dövlət və insanlar aləminin surəti idi. Hər şəhərin öz tanrısı vardı. Kainat üzərində yerdəki imperatora uyğun gələn "tyan" – "səma" yüksəlirdi.
Çində ruhları və tanrıları olan bu dindən başqa daha beş əsas dini təlim: konfutsizm, daosizm, buddizm, islam və xristianlıq yayılmışdır.
Dindən çox etik-siyasi təlim olan konfutsizm e.ə. III əsrdən 1912-ci ildə respublika elan olunanadək dövlətin dəstəyindən istifadə edib. Konfutsi fəlsəfəsi özlüyündə ailə və əxlaq kodeksini birləşdirir. Daosizm din olaraq Çinə daha çox bağlı olsa da, buddizmin təsirini əks etdirir. Daosizmin məbədləri, allahlar panteonu və keçmiş mükafatları və cəzaları kimi gələcək haqqında təlimi vardır. Buddizm Hindistanda yaransa da, Çində geniş yayılıb və burada yüzlərlə buddist məbəd və monastrları tikilib. Müsəlmanlar Çinin hər yerində, xüsusilə, ölkənin şimal-qərb və cənub-qərb rayonlarında yaşayır.
Xristianlıq Çində Avropa və Amerika missionerləri vasitəsilə yayılmağa başlayıb. Bu proses XIX–XX əsrlərdə daha geniş yayılsa da, bu dinə etiqad edənlərin sayı əhalinin 1 faizini təşkil edir.
Çinli mövcudluq sirrləri, yaşam və ölüm problemləri barədə həddindən artıq az fikirləşsə də, hər zaman öz qarşısında xeyirxahlıq etalonu görməyi və ona oxşamağa çalışmağı müqəddəs borc hesab edir. Çinlilər üçün müqəddəs insan o biri dünyada zövq almağa və əzabdan qurtulmağa çalışanlar yox, qəbul edilmiş normalara uyğun və ləyaqətlə yaşamağa öyrəşənlər hesab olunur.