Bu məqalə stil kitabçasına uyğun deyil. |
Bu məqalənin giriş hissəsi yoxdur. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Belə bir fikir mövcuddur ki, ölkənin coğrafi mövqeyi və iqlimi orada yaşayan xalqların xarakteri, adət və ənənələrinin formalaşmasına ciddi təsir edir. Buna görə də, Cinlə maraqlananları başlanğıc üçün onun coğrafiya və iqlimi ilə qısaca tanış etmək istəyirik.
Sakit okeanın qərb suları ilə yuyulan Çin, Asiyanın şərqində yerləşir. Çinin quru ərazisi 9,6 mln.km2-dir. Çin ərazisi cənubdan şərqə 5,7 min km, şimaldan cənuba isə 3,7 min km uzanır. Çin həmçinin ucsuz-bucaqsız dəniz sərhədlərinə də malikdir. Çinin şərq və cənub-şərq sahillərini Boxay, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yuyur. Çinin ərazi sularının ümumi sahəsi 4,73 mln. km2-dir. Çin sahillərində çoxlu adalar vardır ki, bunların ən böyüyü Tayvan və Xaynandır. Çin 10-dan çox dövlətlə: şimalda Monqolustan və Rusiya, qərbdə Qazaxıstan və Əfqanıstan, cənub-qərbdə Hindistan, Nepal, Butan, Birma, Tayland, Laos, Vyetnam və şərqdə KXDR ilə sərhəddir. O, Filippin və Yaponiya ilə uzunluğu təxminən 11000 km olan (adaların sahil xətti daxil olmaqla isə 21000 km) dəniz sərhəddinə malikdir. Quru sərhədlərinin uzunluğu isə 22,8 min km təşkil edir.
Çinin ən iri limanı olan Şanxay respublikanı dünyanın bütün ölkələri ilə –Amerika, İngiltərə, Fransa, Braziliya, Kanada, Avstraliya və digərləri ilə birləşdirir. 1984-cü ildə isə, Çin hökuməti birbaşa xarici iqtisadi əlaqələr hüququ qazanan 14 sahilyanı şəhər açmaq qərarı qəbul etmişdir. Həmçinin, 4 azad iqtisadi zona da yaradılmışdır. Onlardan ən irisi – Şençjen Honkonqun yaxınlığında yerləşir.
Çin öz topoqrafiyasının müxtəlifliyi ilə də fərqlənir. Dağlar, yaylalar və təpələr ölkənin quru ərazisinin 65 faizini təşkil edir. Bütün dünyada məşhur olan dağ sistemləri Çin ərazisinin böyük hissəsini tutur – bu, Çinin coğrafi xüsusiyyətlərindən biridir. Dünyada 8 min m-dən hündür olan 19 zirvənin 7-si Çində yerləşir.
Çində həmçinin çoxlu çay və göllər də vardır. Çayların ümumi uzunluğu 220 min km-dən artıqdır. 5 mindən yuxarı çayın hövzəsi 100 km2 -i keçir. Çində sahəsi 1 km2 olan 2800-dən çox, sahəsi 1000 km2-dən çox olan isə 13 göl yerləşir.
Əgər Çinin ərazisinə yuxarıdan baxsan, o, qərbdən şərqə enən dördpilləli pilləkəni xatırladar. Tsinxay-Tibet yaylası bu relyef iyerarxiyasının birinci, ən yüksək pilləsini təşkil edir. İkinci pilləni Daxili Monqolustan yaylası, Less yaylası, Yunnan-Quyçjou yaylası, Tarim çökəkliyi, Cunqar və Sıçuan çüxurları təşkil edir. Əgər birinci pillənin orta hündürlüyü dəniz səviyyəsindən təqribən 4000 m təşkil edirsə, ikincinin hündürlüyü 1–2 min m hüdudları arasındadır. Böyük Xinqan, Tayxanşan, Uşan və Syuefenşan dağlarının şərq yamaclarından dəniz səviyyəsindən 500–1000 m orta hündürlükdə olan üçüncü pillə başlayır. Çinin 200 m-dək dərinlikdə yerləşən şelfləri relyef dəyişkənliklərinin dördüncü pilləsini təşkil edir. Çin ərazisinin böyüklüyünə görə dünyada üçüncü yeri tutur.
Çinin quru ərazisinin təxminən 98%-i 200 – 500 şimal en dairəsində yerləşir, buna görə də mülayim və subtropik iqlim zonaları xüsusilə çoxluq təşkil edir. Bu coğrafi mövqe Çinin açıq-aşkar musson xarakter daşıyan iqlim şəraitinə səbəb olur. Qışda üstünlük təşkil edən küləklər şimaldan əsir, yayda isə cənubdan. Mövsümlərin kəskin dəyişikliyi xarakterikdir. Yağışlar mövsümü adətən ilin ən isti dövrünə düşür. Güclü soyuq külək axınları, leysan yağışları və tayfunlar Çinin iqliminin ayrılmaz əlamətləridir. Çinin iqliminin daha bir fərqləndirici xüsusiyyəti temperaturun və yağıntının miqdarının ən geniş limitdə dəyişməkdə özünü büruzə verən kontinental xarakterli olmasındadır. Məsələn, yanvar və iyul aylarında orta aylıq temperaturu götürək. Eyni en dairəsi rayonunda yerləşən digər ölkələrin analoji göstəricilərinə nisbətdə temperatur yanvarda daha aşağı, iyulda isə daha yuxarıdır. İllik yağıntının miqdarı dənizdən uzaqlaşdıqca aşağı düşür: sahilboyu cənub-şərqdə 1000–2000 mm-dən şimal-qərbdə 100–200 mm-dək. Regional və iqlim müxtəlifliyinə görə Çinin ərazisini üç təbii qurşağa bölmək olar:
Çinin torpaq ehtiyatları barədə məlumatlar olduqca ziddiyətlidir. Şübhəsiz olan yalnız ərazinin ümumi sahəsidir (9,6 mln. km2 ). Torpaq fondunun ayrı-ayrı kateqoriyaları üzrə rəqəmlər informasiya mənbəyindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir, hətta fərq bəzən 30–40%-ə çatır.
ÇXR-in torpaq resurslarının təqribi strukturunu aşağıdakı kimi təsəvvür etmək olar: əkin yerləri – 13%, meşələr – 14%, çöllüklər – 33%, açıq su məkanları – 2%, tikilmiş ərazi – 3%, səhralar və biyabanlar 17%. Qalan 18% buzlaqların, hündür dağ ərazilərinin və digər yararsız torpaqların payına düşür.
Çinin əkin ərazisinin sahəsi (125,9 mln. ha) dünya üzrə 7 faiz təşkil edir və o, planetin əhalisinin 23%-ni qida ilə təmin edir. Əsas əkinçilik rayonları Şimal-Qərbi və Şimali Çin düzənlikləri, Yantszının orta və aşağı axınındakı düzənlik, Çjutszyan çayının deltası və Sıçuan çökəkliyidir. Son illər əkin torpağı sahəsinin azalma meyli açıq nəzərə çarpır. Əkin yerlərinin azalmasının başlıca səbəbləri – onların meşəsalmaya yönəldilməsi, bina və yolların tikintisinə ayrılması, eləcə də təbii fəlakətlər nəticəsində dağıdılmasıdır.
Çinin ərazisi 7 iri təbii rayona bölünür. Şimaldan Cənuba – Şimali-Qərb, Şimal, Mərkəzi, Monqol-Sintszyan, Tsinxay-Tibet və Sanoi-Yunnan rayonlarını ayırırlar.
Çinin təxminən 129,0 mln. ha ərazisinin təşkil edir. Daha iri meşə massivləri Böyük və Kiçik Xinqan rayonları, şimal-qərbin Çaybayşan dağlarında yerləşir. Burada əsas ağac növləri sidr, qara şam, tozağacı, palıd, mançjur göyrüşü, qarağac və qovaqdır. Meşə ehtiyatlarına görə ikinci yeri Cənub-Qərbi Çin tutur. O, küknar, ağ şam, yunnan şamı, pompelmus, səndəl ağacı, kamfora ağacı, febe nanmu və qırmızı ağac kimi qiymətli ağac növləri ilə zəngindir. Sişuanbanna – Yunnan əyalətinin cənubunda nadir yerdir. 5 mindən artıq növ tropik enliyarpaq bitkilərdən ibarət keçilməz cəngəlliyi haqlı olaraq "bitkilər səltənəti" adlandırırlar.
Səhralar və biyabanlar müxtəlif hesablamalara görə 165–260 mln. ha tutur. Birinci rəqəm daha inandırıcı görünür. Belə torpaqların ümumi sahəsinin 43%-i məhz səhraların payına düşür, qalanı isə müxtəlif səbəblər nəticəsində yararsız hala düşən torpaqlar təşkil edir. Ölkə ərazisinin qalan 18%-i becərmə, tikinti və digər istifadə növləri üçün demək olar ki, əlverişsiz olan torpaqların payına düşür. Bu, əsasən yüksək dağ rayonlarıdır.
Çin dağlıq ölkədir və onun ərazisinin dörddə birindən çoxu (25,86%) dəniz səviyyəsindən 3000 m hündürlükdə yerləşir. Uzaq şimal-qərbdə Monqol Altayından başlayıb, cənub-qərbdə Himalayda qurtararaq Çinin əsasən qərb hissəsindəki dağlıq rayonlarda yayılan və 57 min km2 təşkil edən buzlaqlar torpaqdan istifadəni çətinləşdirir. Çöllüklərə gəldikdə, onlar haqqında məlumat daha ziddiyyətlidir. Müxtəlif göstəricilərə görə onların sahəsi 280-dən 400 mln. ha qədər təşkil edir. Çöllüklərin hazırkı sahəsi üçün daha inandırıcı rəqəm 315–320 mln. ha-dır. Çöllüklər şimal-şərqdən tutmuş cənub-qərbədək bütün Çin boyu 3000 km uzunluğunda zolaq təşkil edir. Ümumilikdə onların sahəsinin azalması tendensiyası xarakterikdir. Burada əsas amil biyabanlaşmadır ki, bu barədə aşağıda söhbət açılacaq. Çinin bir hissəsi su anbarları ilə tutulmuşdur. ÇXR ərazisinin 3 faizini təşkil edən tikili sahə ümumilikdə artan meylə malikdir.
Çin faydalı qazıntılarla zəngindir. Dəmir, manqan, vanadium və titan kimi qara metal ehtiyatları aşkara çıxarılmışdır. Qiymətləndirmələrə görə dəmir filizi ehtiyatları 46,5 mlrd. ton təşkil edir, yataqlar əsasən ölkənin şimal, şimal-şərq və cənub-qərbində yerləşir. Bundan əlavə mühüm dəmir mədən rayonları Anşan – Bensi (Lyaonin), Xebey əyalətinin şərq hissəsi və Pançjixua (Sıçuan) hesab edilir.
Çinin çay axarlarının ümumi ehtiyatları 2800 km3/il təşkil edir və bu ölçüyə görə, ölkə Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünyada beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m³ düşür ki, bu da orta dünyəvi göstəricinin cəmi dörddə birini təşkil edir və 149 ölkə arasında 109-cu yerə müvafiqdir. Güman edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 mlrd.-a çatanda adambaşına su təminatı 1760 km3/ilə qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında böyük qeyri-bərabərlik, vəziyyəti daha da mürəkkəbləşdirir, cədvəl 1-dən də bu barədə mühakimə yürütmək olar. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12% düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir. Yaranmış uğursuz situasiyaya bu və ya başqa dərəcədə bol suvarılma tələb edən bitkilərin (düyü, qarğıdalı, buğda) əkilməsinin genişləndirilməsi, Çin sənayesində suyun yenidən istifadəsinin aşağı əmsalı (hal-hazırda bu rəqəm 30%-i keçmir, hansı ki, inkişaf etmiş ölkələrdə bu kəmiyyət 75% təşkil edir) səbəb olur.
Sudan istifadənin strukturu hal-hazırda aşağıdakı şəkildədir: bütün suyun 66%-i süni suvarma ehtiyaclarına xərclənir (20 il bundan əvvəl bu məqsədlə suyun 82%-i istifadə olunurdu), 23% sənaye ehtiyaclarına gedir (islahatların başlanğıcında 10,3% idi), 7%-i kənd əhalisi işlədir və bütün su ehtiyatlarının təxminən 4%-dən şəhərlilər istifadə edir. Su təminatı probleminin əhəmiyyətini Çində yaxşı başa düşürlər və onun həlli üşün ciddi səy göstərirlər. Yaxın zamanlarda ölkənin bütün su resurslarının əsaslı təftişinin keçirilməsi nəzərdə tutulur. Əvvəllər bu cür tədqiqatlar 1940-cı, 1950-ci və 1997–1998-ci illərdə həyata keçirilmişdir. Növbəti təftiş üç illik nəzərdə tutulur və daha əhatəli və səhih olmağı vəd edir.
Çinin eyni zamanda üç qurşaqda: mülayim, subtropik və tropik qurşaqlarda yerləşməsinə səbəb olan xüsusi coğrafi mövqeyi təkcə iqlim şəraitinin, relyefin və torpaq resurslarının formalaşmasına yox, hər şeydən əvvəl ölkənin bitki və heyvanat aləminin müxtəlifliyinə və zənginliyinə təsir edir. Təsadüfi deyil ki, Çinin flora və faunası 30 mindən artıq müxtəlif bitki növləri qədərdir. O da səciyyəvi haldır ki, 5 min ağac və kol növündən təxminən 50-nə yalnız Çinin ərazisində rast gəlinir. Çoxsaylı növlərin miqdarına görə Çin dünyada birinci yer tutur. Burada xaşxaş və piy ağacları, tunq, yağ verən kameliya və sumaq kimi qiymətli texniki növlər bitir.
Bitki örtüyünün xarakterinə görə ölkəni iki əsas hissəyə bölürlər: şərqi və qərbi hissələr. Şərq hissəsində bitkilərin meşə növləri daha çox yayılmışdır, Tsinlin sıra dağlarından şimala müxtəlif növ həmişəyaşıl enliyarpaq meşələr uzanır. Şərqi Çinin mərkəzi hissəsində böyük düzəngahlar yerləşir, meşələr burada demək olar ki, yox edilmiş, torpaq isə şumlanmışdır. Çinin bitki aləminin özünəməxsusluqlarından biri qərb hissəsinin meşə və səhra, əsasən şoran və bitkidən tamamilə məhrum rayonları arasındakı kontrastdır. Çinin heyvanlar aləmi öz zənginliyi və müxtəlifliyi ilə seçilməsinə baxmayaraq burada heyvan növlərinin sayı da çox deyil. Ümumiyyətlə isə Çində 1,8 min yalnız quru heyvan növünün yaşadığı hesab olunur. Maral, sığın, leopard, boz ayı, qaban, meymun, oxlu kirpi, gibbon, armadil və hətta Hindistan fili daha geniş yayılmış və çoxsaylıdırlar. Ölkə ərazisinin Cənub-Şərqi heyvan növləri ilə daha zəngindir. Burada yenot (balaca panda) və bambuk ayısı (böyük panda), köstəbək və digərləri kimi çox qədim və endemik formalar üstünlük təşkil edir.
Çinin heyvanlar aləmi çox heyrətamizdir, burada şimalda Sibir xoruzu və tetra quşu kimi bizim üçün çox adi olan heyvanları görmək, cənubda isə tovuzquşu və fillərin gözəlliyindən heyrətlənmək olar.