Çində nəqliyyat

Çində nəqliyyatÇin Xalq Respublikasındakı nəqliyyat sistemi və nəqliyyat növləri.

Nəqliyyat şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

Çin Xalq Respublikasında nəqliyyat şəbəkəsi qeyri-bərabər yerləşdirilmişdir[1].

Ölkənin meridional və enlik magistralları şəbəkəsi hesab olunan başlıca nəqliyyat dəhlizləri karkası ölkənin şərqindəki və cənub-şərqindəki iqtisadi cəhətdən mənimsənilmiş ərazisinin böyük bir hissəsini əhatə edir[1]. Çinin digər rayonlarında quru yolları nəqliyyat şəbəkəsi çox seyrəkdir və yaxud da ümumiyyətlə yoxdur[1]. Ölkənin qərb, cənub-qərb və mərkəzi hissəsindəki dağlıq ərazi, şərq və cənub-şərq hissəsindəki girintili-çıxıntılı sahil xətti tunel və körpülərin tikintisini zəruri etmişdir[1].

Çininin sürətli iqtisadi inkişafı həm ölkə daxilində, həm də transsərhəd nəql. axınının intensivləşməsinə, dəniz portları və aeroportlar şəbəkəsinin genişlənməsinə və modernləşdirilməsinə, su, avtomobil və dəmir yolu nəqliyyatı ilə yükdaşımaların konteynerləşməsinin genişlənməsinə səbəb olmuşdur[1]. Bütün nəqliyyat növlərinin yük dövriyyəsi 10 141,9 milyard ton/km (2007), o cümlədən su nəqliyyatının (çay və dəniz nəqliyyatı daxil olmaqla) – 63,4%, dəmir yolu – 23,5%, avtomobil nəqliyyatı – 11,2%, boru nəql. – 1,8%, hava nəqliyyatı – 0,1%-dir. Bütün nəqliyyatı növlərinin sərnişin dövriyyəsi – 2159,3 mlrd. sərnişin/km (2007), o cümlədən avtomobil – təqribən 53,3%, dəmir yolu təqribən 33,4%, hava – təqribən 12,9%, su – təqribən 0,4%. Ən dinamik inkişaf edən avtomobil, aviasiya və boru nəqliyyatıdır[1].

Dəmir yolları

[redaktə | mənbəni redaktə et]
Dəmir yolları şəbəkəsi
Çində dəmir yolu

XXI əsrin əvvəllərində daxili yükdaşımalarda payının aşağı düşməsinə baxmayaraq, dəmir yolu nəqliyyatı mühüm nəqliyyat növü kimi qalmaqdadır. Statistik göstəricilərə görə dəmir yolu nəqliyyatının yük dövriyyəsi 2007-ci ildə 2379,7 milyard ton/km, sərnişin dövriyyəsi 721,6 milyard sərnişin/km; daşınma həcmi 3142,4 milyon ton yük və 1356,7 milyon sərnişin olmuşdur[1].

Ölkədəki dəmir yollarının ümumi uzunluğu 2006-cı ildə 77,1 min km idi ki, onun da 24,4 min km-i elektrikləşdirilmişdir. Dövlət dəmir yolları 63,4 min km-dir ki, onun da təqribən 40%-ində ikinci yol vardır. Regional və dəmir yolları şirkətlərinin dəmir yollarılarının uzunluğu 8,5 min km idi. Digərləri isə yerli əhəmiyyətli yollardır. Şəbəkənin böyük hissəsində relslərarası məsafə 1435 mm standartına uyğundur[1].

Dəmir yolları şəbəkəsinin karkası 6 meridional və 5 enlik magistralından ibarətdir. Əsas meridional magistrallar bunlardır[1]:

  • Xarbin → Şenyan → Pekin (Şenyan → Dalyan qolu);
  • Pekin → Tyanszin → Szinan → Şanxay → Xançjou → Ninbo (Szinan → Tsindao qolu);
  • Pekin → Xetsze → Fuyan → Szyutszyan → Nançan → Quançjou → Tsyuanvan → Syanqan;
  • Pekin → Çjençjou → Uxan → Çanşa → Quançjou;
  • Bao tou → Sian → Ankan → Çuntsin → Quyyan → Lyuçjou → Yuylin → Çjantszyan → Xayan (Xaykou → Sanya) → daha sonra dəmir yolu bərə keçidi ilə Xaynan adası;
  • Çjunvey → Baotszi → Çendu → Kunmin → Xekou (daha sonra Hanoy, Vyetnam).

Ölkədəki əsas enlik magistralları isə bunlardır[1]:

  • Lançjou → İnçuan → Baotou → Szinin → Tunlyao → Sıpin → Çançun → Girin (Szilin) → Tumın;
  • Lunxay (Lyanyunqan → Çjençjou → Sian → Lanç jou) və Sintszyan (Lançjou → Uvey → Hami → Urumçi → Alaşankou) dəmir yolları;
  • Nankin → Xefey → Nanyan → Sian;
  • Şanxay → Xançjou → İntan → Çjuçjou → Xuayxua → Quyyan → Kunmin;
  • Fuçjou → Nanpin → Çjanpin → Meyçjou → Quançjou → Maomin → Beyxay → Nannin → Kunmin → Dali.

Bu magistrallardan ölkənin periferiya rayonlarına qollar ayrılır[2]. Dəmir yolları daim artan yük axınının öhdəsindən gələ bilmir; bu səbəbdən əsas magistrallar həddindən artıq yüklənmişdir[2].

1990-cı illərin ortalarından yolların yenidən qurulması sayəsində adi dəmir yolu xətlərində qatarların hərəkət sürəti artmışdır. Yüksək sürətli dəmir yolu magistralları şəbəkəsinin yaradılması üzrə işlər genişləndirilmişdir: Pekin → Şanxay (“Szinxu”, uzunluğu 1318 km, hərəkət sürəti 350 km/saatadək dir); Pekin → Şenyan → Xarbin; Pekin → Çjençjou → Uxan → Çanşa → Quançjou; Xayçjou → Gjençjou → Sian → Lançjou[2].

Böyük hissəsi 2010-cu ildə işə salınan 16 yeni sürət xəttinin tikintisinə 2006–2008-ci illərdə başlanılmışdır[2]. Çox saylı dəmir yolu tunelləri arasında ən uzunları bunlardır[2]:

  • Uşaolin (uzunluğu 21 km-dən çox, 2006–2007);
  • Tsinlin (18,46 km, birinci növbəsi – 2002);
  • Dayaoşan (14,3 km);
  • Szimyanşan (təqribən 10 km, 2007);
  • Mixualin (təqr. 9,4 km);
  • Szindun (təqribən 9,4 km);
  • Szunduşan (təqribən 8,5 km; Datun → Tsinxuandao dəmir yolu);
  • Yuntayşan (8,1 km-dən çox);
  • Fenxuyquan (7,2 km-dən çox);
  • İmalin (7 km-dən çox).

Avtomobil nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Ölkənin avtomobil nəqliyyatı qabaqlayıcı temp ilə inkişaf edir. Bu sahədə statistik göstəricilər 2007-ci ildə belə olmuşdur: yük dövriyyəsi 1135,5 milyard ton/km, sərnişin dövriyyəsi 1150,7 milyard sərnişin/km; daşınmaların həcmi – 16 394,3 milyon ton yük və 20 506,8 milyon sərnişin[2].

Avtomobil yollarının ümumi uzunluğu 2007-ci ildə 3573 min km idi. Sürət magistralları 53,6 min km-dir. Avtomobil yollarının ən sıx şəbəkəsi Çinin şərq hissəsində, Şandun, Szyansu, Xenan, Anxoy, Çjetszyan əyalətlərindədir[2].

Əsas meridional sürət yolları bunlardır[2]:

  • Szyamusı → Xarbin → Çançun → Şenyan → Dalyan;
  • Çjants zyakou → Datun → Tayyuan → Çjençjou;
  • Sian → Çendu → Quyyan → Nannin;
  • Pekin → Şitszyaçjuan → Çjençjou → Uxan → Çanşa → Quançjou;
  • Pekin → Tyanszin → Szinan → Nankin → Şanxay → Ninbo;
  • Benbu → Xefey → Szyutszyan → Nançan → Syanqan (Fuçjouya ayrılan qol ilə).

Başlıca enlik avtostradaları bunlardır[2]:

  • Tsitsikar → Xarbin → Suyfınxe;
  • Şenyan → Pekin → Xux-xoto → Baotou → Lançjou;
  • Tayyuan → Şitszyaçjuan → Sinçjun;
  • Çançji → Xandan → Szinan → Tsindao → Yantay;
  • Korqas → Urumçi → Hami → Lançjou → Sian → Çjençjou → Lyanyunqan;
  • Sinyan → Uxan → Xefey → Nankin;
  • Juyli → Kunmin → Quyyan → Çjuçjou → Nançan → Xançjou → Şanxay;
  • Ninbo → Vençjou → Fuçjou → Syamın → Şençjen → Quançjou → Çjantszyan → Nannin.

Ən uzun avtomobil yolu tunelləri bunlardır[2]:

  • Çjunnanşan (Şansi əyaləti; uzunluğu 18 040 m, Asiyanın ən uzun avtomobil yolu tuneli, 2007)
  • Buluntsin (Yunnan əyaləti; 8100 m, 2004)
  • Dafınyakou (Yunnan; 5300 m, 2004)
  • Yuantszyan (Yunnan; 5100 m, 2004)
  • Xuayinşan (Quanyan yaxınlığında, Sıçuan əyaləti; 4706 m)
  • Çjequşan (Sıçuan əyaləti; 4400 m, 2003)
  • Erlanşan (Sıçuan əyaləti; 4176 m, 1999)
  • Sianyan (Futszyan əyaləti, Syamın; 9 min m)
  • Şanxayda (8950 m; 2009)
  • Çjiçen (Çansin)
  • Tsindaoda Szyaoçjouvan körfəzinin altında
  • Şandun əyalətində (6170 m; 2010)
  • Yanszı çayı altında Uxan (3609 m) sualtı tunelləri tikilmişdir.
  1. 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 67. ISBN 978-9952-441-11-6.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 68. ISBN 978-9952-441-11-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]