Çingiz Qaçar

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.[1] Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi.[2] Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda[1] texniki fizika ixtisası üzrə davam etdirib.[3] O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır.[1]

Cingiz Oveys oğlu Qacar

Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı12 iyun 2021, Bakı) — Azərbaycanlı fizik, ictimai xadim, publisist, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA həqiqi üzvü və AMEA Fizika İnstitutunun keçmiş direktoru və "Molekulyar spektroskopiya laboratoriyasının" keçmiş rəhbəri.[1]

Çingiz Qacar
Doğum tarixi 06 iyun 1928-ci il
Doğum yeri Bakı
Vəfat tarixi 12 iyun 2021-ci il (92 yaş)
Vəfat yeri Bakı
Dəfn yeri Bakı, İkinci Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Molekulyar fizika
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi adları Professor, akademik
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Alma-mater Leninqrad Politexnik İnstitutu
Təhsili Texniki fizika sahəsində mühəndis - tədqiqatçı
Tanınır Molekulyar spektoroskopiya sahəsində tədqiqatçı-alim, Qarabağ, Naxçıvan, Qacarlar, Azərbaycan mədəniyyəti, tanınmış tarixi şəxslər haqqında kitabların müəllifi
Mühüm layihələri "Naxçıvan - dünyanın ən qədim şəhərlərindən biri", "Qədim və Orta əsrlər Azərbaycanının dahi şəxsləri", "Qədim Şuşa", "Qədim Bakı"
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990 Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şöhrət" ordeni — 2004

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi olub. 26 fevral 1971-ci ildən "Mikrodalğalı spektoroskopiya" laboratoriyasına rəhbərlik edib. [3]

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dərs deyib.

1973-cü ildə "Bəzi biratomlu spirtlərin və onların əvəzedicilərinin mikrodalğalı spektoroskopiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

O, elmi fəaliyyətini 1973-cü ildən SSRİ Müdafiə Sənayesi Nazirliyi Tədbiqi Fizika İnstitutunun filialinda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsinə müdir təyin edildikdən sonra oraya ən istedadlı alimləri toplayıb. 1986-cı ildə Tədbiqi Fizika ETİ filialı Fotoelektonika ETİ adlandırılmışdır. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç. Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.

Ç. Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.

Ç. Qacar 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ç.Qacar Ali məktəbin fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərmişdir.

Çingiz Qacar 12 iyun 2021-ci ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]

  1. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı -200-dən çox;
  2. Xaricdə çıxmış elmi əsərlərinin sayı - 30;
  3. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 50-dən çox;
  4. Kadr hazırlığı - 24 fəlsəfə doktoru, 6 elmlər doktoru.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ç. O. Qacar tanınmış alim, akademik Lətif İmanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L. İmanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə "Azərbaycan EA-nın xəbərləri" jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş İttifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər.
  • Ç. Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Ç. O. Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.
  • Akademik infraqırmızı diapazonda optik rabitə sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Fizika İnstitutunda başladığı mikrodalğalı spektroskopiya sahəsində tədqiqatlarını Fotoelektronika İnstitutunda uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə burada yeni, daha mükəmməl ikiqat kvant rezonanslarını müşahidə etməyə imkan verən və bunun nəticəsində spektrin birqiymətli identifikasiyasını təmin edən, dəqiqliyi atom standartları ilə olçülən, tezliyi ədədi qurğu vasitəsilə idarə olunan sintezatorlarla təchiz olunmuş santimetrlik, millimetrlik diapazonlarda işləyən spektrometrik kompleks yaradılmışdır. İkiqat radiotezlikli-mikrodalğalı, ikiqat rezonans və Ştark modulyasiyası üsulları ilə işləyən hibrid spektrometr 1982-ci ildə cihazqayırma sahəsində S. İ. Vavilov adına mükafata layiq görülmüşdür.
  • 2001-ci ildə Ç. Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademik Ç. Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparıb.
  • Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin keçmiş İttifaqda, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunmuşdur.
  • Ç. Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç. O. Qacar 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S. İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.

18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb[5].

"Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində), "Qacarlar", "Köhnə Bakı", "Köhnə Şuşa", "Tiflis. Vorontsova 53, 55". "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda (indiki S.-Peterburq) oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademikin bu kitabı ingilis dilinə tərcümə edilmişdir.

O, fizikanın sahələri və tarixinə aid azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç. Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan İrs" jurnalının redaktorlarından biri olmuşdur.

Ç.O.Qacar 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1973-2021-ci illərdə akademik Fotoelektronika ETİ və AMEA Fizika İnstitutlarında Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olmuşdur.

  1. 1 2 3 4 "Akademik Çingiz Qacar vəfat edib". science.gov.az. 12.06.2021. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  2. "Akademik Çingiz Qacar barədə". aqra.az. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  3. 1 2 "Akademik Çingiz Qacar dünyasını dəyişib". medeniyyet.az (az.). 13 iyun 2021. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.
  4. "Çingiz Qacar II Fəxri xiyabanda dəfn olundu". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-12.
  5. "Alimlər AMEA-nın ali mükafatları ilə təltif olunublar — sia.az saytı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]